14 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən Gəncə şəhərində Mühasibatlıq üzrə 1-ci Olimpiada keçirilmiş və qaliblərinin mükafatlandırılması təşkil edilmişdir.
Olimpiada 11 və 13 dekabr 2017-ci il tarixlərində Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetində keçirilən görüşlər əsasında seçilmiş 60 tələbə arasında keçirilmişdir. Olimpiadanın keçirilməsində məqsəd gənclərin mühasibatlığın öyrədilməsində analitik düşüncə tərzini yüksəltmək, gənclərin intellektual qabiliyyətlərini və yaradıcılıqlarını aşkarlayaraq səmərəli qiymətləndirmə üsullarını təqdim etmək, stimullaşdırmaq, istedadlı tələbələrə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etmək olmuşdur.
Tədbirdə “Gənc Mühasiblər” İctimai Birliyinin sədri Solmaz Əliyeva, Maliyyə Elm-Tədris Mərkəzinin Təşkili və Metodikası şöbəsinin müdiri İbrahim İbrahimov və nümayəndələri Xudakərim Aslanov, Vüqar Hüseynli, Sinam şirkətinin ERP sistemlərin tətbiqi şöbəsinin müdir müavini Elşən Şərifov , Azərbaycan Texnologiya Universitetinin Elm və Texnika üzrə prorektoru Səbuhi Yusifov, Tədris şöbəsinin müdiri Sadiq Əfəndiyev, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı Nüşabə Hacıyeva, Azərbaycan Dövlət Aqrar Universitetinin Mühasibat uçotu və audit kafedrasının müdiri Pərvin Muxtarova və Gəncə Dövlət Universitetinin əməkdaşları çıxış edərək bildirmişdilər ki, olimpiada tam şəffaf və obyektiv keçirilmişdir.
Beləliklə nəticələrə əsasən 1-ci yerə Zülfiqarlı Nemət (Azərbaycan Dövlət Aqrar Universiteti), 2-ci yerə Mehdiyev Sabir (Azərbaycan Dövlət Aqrar Universiteti), 3-cü yerə Əsgərov Sərxan və Göyüşov Vahid (Azərbaycan Dövlət Aqrar Universiteti) layiq görülərək diplom və hədiyyələr əldə etmişlər. Digər iştirakçılara sertifikatlar və həvəsləndirici hədiyyələr təqdim olunmuşdur.