[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/1339411429_rressrrrye5.jpg” ]
“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Məcburi köçkün gənclərin virtual informasiya mərkəzi” adlı layihənin icrasına başlamışdır. Layihədə məqsəd məcburi köçkün gənclər üçün virtual mərkəz kimi informasiya xarakterli sayt yaratmaq və işğal olunmuş ərazilərdən olan gəncləri bu saytın vasitəsilə bir yerə toplamaq, onları bir-birinə tanıtmaqdır. Xaricdə təhsil alan, idman sahəsində nailiyyəti olan, ictimai aktivliyi ilə seçilən, elmdə uğurlar qazanan, vətənin bütövlüyü uğrunda qəhrəmanlıq göstərən məcburi köçkün gənclər haqqında bu saytda mütamadi informasiya vermək, onların fəaliyyətini işıqlandırmaq layihənin əsas məqsədidir. Həmçinin, bu sayt gənclərin bir-birini tanıması, fikir mübadiləsi etməsi, aktiv şəkildə birləşərək öz problemlərini, haqq səslərini dünya ictimaiyyətinə çatdırması vəzifəsini də öz üzərinə götürür. Bu saytın vasitəsilə işğal olunmuş rayonların müvafiq dövlət qurumları ilə əməkdaşlığı, keçirilən layihələrə gənclərin cəlb olunması, məşğulluqlarının təmin edilməsinə kömək və s. məsələlər də öz əksini tapacaq.
Dövlət Gənclər Proqramından irəli gələn məsələlərin aktiv müzakirəsi, bu proqramdan məcburi köçkün gənclərin yararlanması və s. aktual mövzular da bu saytda geniş işıqlandırılacaq. Dövlət Proqramında nəzərdə tutulan Virtual Qarabağ ideyasının tərkib hissəsinə çevriləcək bu saytda işğal olunmuş rayonların tarixi, mədəniyyəti, təbiəti, tanınmış şəxsiyyətləri və s. materiallar da yerləşdiriləcək. Sayt gündəlik informasiya ilə təmin ediləcək və saytda forum və internet televiziya da yaradılacaq. Sayt üç dildə (Azərbaycan, İngilis, Rus) fəaliyyət göstərəcək.