Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi Vəliyev Samir tərəfindən Ağsu rayonunda icra olunan “Qarabağ doğma yurdum” intellektual festival başa çatmışdır.
Layihənin məqsədi Qarabağın tarixi haqqında gənclərə geniş informasiya verərək, onlarda bu sahədə dolğun informasiya bazası yaratmaq, gənclərin asudə vaxtının səmərəli keçirməsinə, festivallar vasitəsi ilə təbliğat və maarifləndirmə işinin aparılması olmuşdur. Festival zamanı gənclərə maarifləndirici bukletler paylanılmışdır. Festival 4 gün davam etmişdir. Layihə vasitəsi ilə maarifləndirmə işlərinin aparılması, festivaldan digər gənclərində faydalanmaq şansının artmasına səbəb olmuşdur. Layihədə ümumilikdə 130 nəfərdən çox gənc bir başa iştirakçı olmuşdur. Layihə rəhbəri çıxış edərək bildirmişdir ki, Qarabağda Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir. Azıx mağarasının tədqiqatçısı Azərbaycan alimi M.Hüseynov yazırdı: “Azıxda öyrənilmiş çay daşı alətləri mədəniyyətləri, Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə yaxınlıq təşkil edir. Eyni zamanda, alətlərin hazırlanmasında fərqli cəhətlər də vardır ki, bu da, Azıxın alt təbəqələrindən aşkar olunmuş əmək alətlərini Quruçay mədəniyyəti adlandırmaq imkanı vermişdir… Quruçay mədəniyyətinin yaşı isə 1 milyon 200 min ildən də qədimlərə aid edilə bilər”. 1968-ci ildə Azıx mağarasının aşöl təbəqəsindən Azıx adamı – azıxantrop adlandırılan insanın çənə sümüyü tapılmışdır. Azıx adamının 350-400 min il əvvəl yaşadığı guman olunur. Qarabağda mustye mədəniyyəti daha çox Tağlar mağarası ilə təmsil olunmuşdur. Qarabağın arxeoloji cəhətdən öyrənilməsinin davam etdirilməsi burada daş dövrünün mezolit və eneolit dövrlərinin də geniş inkşaf etmiş olduğunu müəyyənləşdirə bilər. Eneolit (e.ə.VI-IV minilliklər), tunc və ilk dəmir dövrlərində (e.ə. IV minilliyin sonu – I minilliyin əvvəli) Qarabağın həyatında böyük dəyişikliklər baş vermişdi. Son tunc və ilk dəmir dövrü (e.ə. XIII-VII əsrlər) Xocalı-Gədəbəy mədəniyyəti adı almışdır. Bu dövrə aid Xocalı qəbiristanlığı arxeoloji abidəsindən üstündə Aşşur (Assuriya) hökmdarı Adadnirariyə aid mixi yazı olan əqiq muncuq tapılmışdır. Bu və digər tapıntılar bölgənin Yaxın Şərqlə iqtisadi və mədəni əlaqələrini təsdiq edir.