Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Gənclər Fondu həyata keçirdiyi silsilə tədbirləri davam etdirir.
2018-ci ilin may ayında gənclərin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olmuş Gəncə şəhərində və Tbilisidə AXC-nin yaranmasının elan edildiyi tarixi binada təşkil edilən tədbirlər ölkə gənclərinin tariximizin şanlı səhifələrindən olan istiqlaliyyətimizin 100 illiyini daha yaxından öyrənmələrinə xidmət etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş növbəti tədbir, Azərbaycan Respublikasının Gənclər Fondunun və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 21 iyun 2018-ci il tarixində Sabunçu rayon Gənclər Evində həyata keçirilən “Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Simulyasiyası” adlı layihə olmuşdur.
Layihəyə qeydiyyat elan olunduqdan sonra 300-dən artıq gənc müraciət edərək, layihədə iştirak etmək istəyini bildirmişdir. Gənclərlə müsahibə təşkil olunmuş, müsahibədən uğurla keçən 120 gənc layihədə iştirak şansı qazanmışdır. Seçimlər zamanı daxil olmuş müraciətlər əsasında müxtəlif regionlardan gənclər layihəyə dəvət olunmuşdur.
Layihə çərçivəsində parlamentin bütün strukturu gənclərdən formalaşdırılmış və Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentdə müzakirə edilmiş mövzular gənclərin müzakirəsinə çıxarılmışdır. Ümumilikdə simulyasiya çərçivəsində parlamentin 2 sessiyası kecirilmişdir.
Həyata keçirilən sessiyalar zamanı gənclər o dövrün tarixi şəraitini və reallıqlarını nəzərə alaraq Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində təmsil olunmuş müxtəlif fraksiyaların adından müzakirələrdə iştirak edərək öz fikirlərini səsləndirmişlər.
Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi parlamentin gedişatını izləmiş və gənclərə öz tövsiyyələrini vermişdir.
Sonda iştirakçılara sertifikatlar verilmiş və mədəni proqram təşkil edilmişdir.