Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi Almazov Qayıb Sahib oğlu tərəfindən Ağsu rayonunda həyata keçirilən “Tariximizi gəzə-gəzə öyrənək” adlı layihə başa çatmışdır. Layihənin məqsədi Azərbaycanın tarixi abidələrinin gənclər arasında təbliğ edilməsi və tarixi abidələrin qorunması, tanıdılması istiqamətində maarifləndirmə işinin aparılmasıdır.
Təlimlər zamanı gənclərə Azərbaycan tarixini özündə cəmləşdirən maarifləndirici bukletlər paylanılmışdır. Layihədə ümumilikdə 140 nəfərə yaxın gənc birbaşa maarifləndirilmişdir. Təlimlər 4 gün davam etmişdir. Qeyd olunmuşdur ki, işğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi indi də davam edir. İşğalçılar geniş miqyaslı, qeyri-peşəkar arxeoloji qazıntı işləri aparır. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli – 6 memarlıq və 7 arxeoloji, 292 ölkə əhəmiyyətli – 119 memarlıq və 173 arxeoloji və 330 yerli əhəmiyyətli – 270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi tarix və mədəniyyət abidələri qalıb. Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı bu tarixi torpaqlarda qədim insanların yaşadığı və şərəfli yol keçərək çoxsaylı abidələr yaratdığı bəlli olub. Bu abidələr bizim tariximizdir. Bu tarixin başlanğıcı ibtidai insanların yaşadığı dövrdən başlayaraq sivil bir şəkildə formalaşmışdır. Tədqiqatlar göstərir ki, Azərbaycan ərazisində olan abidələr ölkənin bütün ərazilərində mövcuddur ki, bunların da yaşı əsrləri əhatə edir. Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda Azərbaycanın milli-mədəniyyət ocaqlarına erməni təcavüzkarları tərəfindən vurulan ziyanı dəqiq hesablamaq mümkün deyil, çünki zaman dəyişmiş, qiymətlər yenidən formalaşmışdır. Eyni zamanda talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələri hesab olunmuşdur.