Azərbaycan Respublikasının Gənclər Fondu BEYNƏLXALQ TƏŞKİLATLARIN TƏCRÜBƏLƏRİNİN ÖYRƏNİLMƏSİ MƏQSƏDİLƏ AVROPA PARLAMENTİNƏ (Brüssel şəhəri) TƏCRÜBƏ SƏFƏRİ ilə bağlı ərizələrin qəbulu üçün müsabiqə elan edir
Təcrübə səfəri haqqında:
Müsabiqə çərçivəsində 16-29 yaş arasında olan Azərbaycan Respublikası vətəndaşları beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə 01 dekabr 2018-ci il tarixindən 21 dekabr 2018-ci il tarixinədək Avropa Parlamentinə (Brüssel şəhərinə) 20 günlük təcrübəyə göndərilir.
Avropa Birliyi ilə artıq razılaşdırılan təcrübə proqramını gənclərin diqqətinə təqdim edirik:
1-2 dekabr
I-II günlərin məqsədi:
– Müraciət edən şəxsləri təcrübə ofisləri ilə təmin etmə;
-Qrup şəkilində tanış olmaq;
-Avropa İttifaqı quruluşu haqqında müzakirələr aparmaq;
– Səfər çərçivəsində Aİ-nin strukturları olan Aİ-nin əsas institutları, Aİ-nin əlaqə ofisləri və Daimi Nümayəndəlikləri ilə tanış olmaq.
3 dekabr
III günün məqsədi:
– Avropa Parlamentinin bəzi əsas istiqamətləri ilə tanış olmaq;
– komitə iclaslarının rolunu mənimsəmək;
– qanunvericilik prosesini fəaliyyətdə müşahidə etmək;
– 28 üzv dövlət daxilində qarşılıqlı hörmətin inkişafı prosesində şəbəkələşmə rolu haqqında məlumatlar əldə etmək.
4 dekabr
IV günün məqsədi:
– Avropa Parlamentində (200-dən çox) siyasi partiyalar və yeddi siyasi qrupun rolu ilə tanış olmaq;
– Brüsseldə təcrübəçilərin rolu;
– Avropa Parlamentinin Komitələri və Avropa Parlamentinin Plenar iclası arasındakı qarşılıqlı əlaqənin rolunu anlamaq;
– Aİ-nin xarici işlər siyasəti və s. fəaliyyətləri ilə tanış olmaq.
5-6 dekabr
– Əcnəbi funksionerlərlə/siyasətçilərlə təcrübəçilər arasında görüşlərin təşkili;
– Nüfuzlu siyasətçilərlə görüşlərin təşkili, iki və çoxtərəfli əlaqələrin qurulması üzrə işin aparılması;
– Ofislərdə işlə bağlı təcrübəçilərə məlumatlandırıcı təlimlərin keçirilməsi;
– Təcrübə müddətində tələbələrin təlim keçməsi və təcrübə toplamasını təmin etmək.
7 dekabr
– Həftə sonu müzakirəsi;
– Brüssel Mətbuat Klubuna səfər.
10-14 dekabr
– Nüfuzlu siyasətçilərlə görüşlərin təşkili, iki və çoxtərəfli əlaqələrin qurulması üzrə işin aparılması;
– Təcrübə prosesinin ümumi koordinasiyasının təmin olunması.
17-21 dekabr
– Nüfuzlu siyasətçilərlə görüşlərin təşkili, iki və çoxtərəfli əlaqələrin qurulması üzrə işin aparılması;
– Təcrübəçilər üçün fəaliyyət istiqamətləri üzrə seminarların təşkil olunması.
– Həftədə bir dəfə təcrübə prosesini müzakirə etmək məqsədilə gənclərlə görüşlərin keçirilməsi.
Müsabiqəyə müraciət qaydası:
Müraciət etmək istəyənlər Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını (SƏFƏR QRANTI) müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər.
Müsabiqə əsasında seçim zamanı gəncin təhsil göstəriciləri və dil bilikləri əsas götürüləcəkdir.
Müsabiqənin müddəti:
06 noyabr 2018-ci ildən – 15 noyabr 2018-ci il saat 18:00-dək müraciətlər qəbul ediləcəkdir. Fond tərəfindən müraciətlərə 7 iş günü ərzində baxılacaqdır.
Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaqdır.
Müsabiqəyə ərizə təqdim etmək hüququ olan şəxslər:
Müsabiqəyə orta təhsili bitirmiş və ən az bakalavr təhsilinin 2-ci və daha yuxarı kurs tələbəsi olan,16-29 yaş arası Azərbaycan Respublikasının vətəndaşları, müraciət etdiyi təşkilatın işçi dilini bilən gənclər burada göstərilmiş ərizə formasını müvafiq qaydada doldurub, təqdim edə bilərlər.
Müsabiqə üzrə dəstəklənən xərclər:
Beynəlxalq təşkilatların təcrübələrinin öyrənilməsi məqsədi ilə təcrübə səfərində iştirak edənlərin xərcləri dəvət edən beynəlxalq təşkilatın ödəmədiyi ehtiyac üzrə aşağıdakı xərclər qarşılanır:
- viza xərcləri;
- tibbi sığorta xərcləri;
- yaşayış (yataqxana, gündəlik qida və digər) xərcləri;
- yol (bir dəfə ölkəyə gediş-gəliş (aviabilet)) xərcləri.