Sumqayıt Gənclər Evində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsinin və Gənclər Klubunun birgə təşkilatçılığı ilə “Gənc Sözü” layihəsi çərçivəsində seminar-treninq keçirilmişdir.
Layihənin açılış mərasimində çıxış edən layihə rəhbəri Teymur Aslanov ilk öncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətova yaradılan şəraitə görə minnətdarlığını bildirmiş, layihənin Gənclər Fondunun XI qrant müsabiqəsində qalib olduğunu və məqsədin Azərbaycan dili, natiqlik sənəti haqqında gəncləri maarifləndirmək, onlarda ünsiyyət qurma, fikir çatdırma, vərdişlərinin formalaşdırmaq, mimika və jestlərdən danışıqda istifadə qaydalarını onlara mənimsətmək olduğunu qeyd etmişdir.
Baş İdarənin Gənclərlə iş sektounun müdiri Ceyhun Hüseynov və Gənclər Evinin direktoru Pəri Vəliyeva çıxışlarında ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan, şəhərimizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən və layihənin faydalarından danışmışlar.
Təlimçi Tunar Əhmədzadə tərəfindən seminarlarda natiqlik qabiliyyəti, nitq mədəniyyətinin önəmi, ifadəlilik bacarığı və aydın tələffüs üsulları mövzularında interaktiv treninq verilmiş və iştirakçılara təqdim edilmiş mövzular ətrafında çıxışlar təşkil edilmişdir.
Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.