Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Biləsuvar Gənclər Evində “Mübariz tək mübariz ol!” gənc futbolçulara çağırış” layihəsinin rəsmi açılış mərasimi keçirilmişdir.
Rəsmi açılış zamanı ilk öncə layihə rəhbəri Asif Hüseynov çıxış edərək layihə barədə ətraflı məlumat vermişdir. Layihə rəhbəri çıxışı zamanı qeyd etmişdir ki, layihənin əsas məqsədi: Biləsuvar rayon yeniyetmə və gəncləri arasında Milli Qəhrəman Mübariz İbrahimovun döyüş yolu barədə məlumatlandırılmasına, onun şəxsi həyatı – idmançı və sağlam həyat tərzi keçirməsinin təbliğinə və həmçinin yeniyetmə və gənclərin asudə vaxtlarının sağlam-səmərəli keçirilməsinə nail olmaqdır.
Daha sonra layihəyə təşkilati dəstək göstərən Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elnur Hüseynli və Biləsuvar Rayon Təhsil Şöbəsinin hərbi və fiziki tərbiyə üzrə metodisti Elsevər Məmmədov çıxış edərək layihənin gələcək fəaliyyətinə uğurlar arzu etmişdir. Çıxışlardan sonra Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında video göstərilmişdir. Bu videoda Mübarizin həyatı haqqında, onun məktəb illəri və ən əsas da idmana olan həvəsi barədə geniş məlumat verilmişdir. Video göstərildikdən sonra layihə ərzində təlimçi – hakim qismində iştirak edəcək Hüseyn Hüseynov çıxış etmişdir. O layihənin gələcək planları barədə ətraflı məlumat verərək tədbir iştirakçıları ilə qarşılıqlı müzakirələr aparmışdır.
Tədbirdə iştirak edən məktəb idman rəhbərləri, fiziki tərbiyə müəllimləri və gənclər – yeniyetmələr böyük fəallıq göstərərək çoxlu müzakirələr etmişlər.
Qeyd edək ki, layihənin həyata keçirilməsinə və rəsmi açılışın təşkil olunmasına Biləsuvar Rayon Gənclər və İdman İdarəsi və Biləsuvar Rayon Təhsil Şöbəsi yaxından təşkilati dəstək göstərirlər.
Layihənin növbəti mərhələsi olaraq futbol komandalarının rəhbərləri və kapitanları üçün 2 günlük təlim təşkil olunacaqdır. 7 fevral 2019-cu il tarixində – Mübariz İbrahimovun doğum günündə Biləsuvar rayon məktəbləri arasında mini futbol üzrə rayon çempionatına start veriləcəkdir.