Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi Bakı Konqres Mərkəzində “100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə” adlı layihənin yekun tədbirini keçirmişdir.
Layihə çərçivəsində “Cümhuriyyət – anılar və anlar” adlı, 416 səhifəlik kitab nəşr edilmiş, habelə Cümhuriyyətin ilk paytaxtı Gəncədəki Gənclər Evində kitabın təqdimat və imza mərasimi keçirilmişdir.
Bakı Konqres Mərkəzində millət vəkilləri, alimlər, yazarlar və ictimai faəl gənclərin iştirakı ilə keçirilən tədbirdə sözügedən kitabla yanaşı, Cümhuriyyətin 100 illiyinə türk dünyasının 100 yazarının təbrikindən ibarət video-çarx da təqdim olunmuşdur.
“Cümhuriyyət İli”ndən “Nəsimi İli”nə keçid məzmununda tərtib edilmiş tədbirdə gənc şairlər öz şeirləri ilə də çıxış etmişlər. DGTYB-nin bu tədbiri Cümhuriyyətin lideri Məhəmməd Əmin Rəsulzadənin 135 illik yubiley günü və 2 fevral – Gənclər Günü ərəfəsində keçirilməsi ilə də anlam qazanmışdır.
Bakı Konqres Mərkəzindəki tədbiri açıq elan edən DGTYB Məclis üzvü Əfsanə Ələsgərli iştirakçıları salamladıqdan sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmiş və dövlət himni səsləndirilmişdir.
DGTYB-nin Məsləhət Şurasının başqanı, şair-publisist Əkbər Qoşalı layihə çərçivəsində görülən işlərdən söz açaraq, hesabat xarakterli nitq söyləmişdir.
Daha sonra söz Milli Məclisin deputatı Sona Əliyevaya verilmişdir. Xanım deputat Cümhuriyyətin Azərbaycan tarixindəki önəmli rolu, eləcə də, geridə qoyduğumuz “Azərbaycan Xalq Cümhuriyyəti” ilində görülən çoxsaylı işlərdən bəhs etmişdir.
Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin müdiri dos.dr.Cihan Özdəmirin çıxışı da özəlliyi ilə yadda qalmışdır. O, həm 100 il öncələr, həm də çağdaş zamanda Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını və dərin köklərə bağlılığını vurğulamışdır.
Daha sonra Əməkdar jurnalist Azər Həsrət, prof.dr.Əhməd Qəşəmoğlu, dos.dr. Pərvanə Məmmədli və başqa natiqlər və çıxış edərək, kitab haqqında, ümumilikdə, bu böyük layihə barəsində xoş sözlərini çatdırmışlar.
Sonra isə layihənin icrasında fərqlənmiş gənclər və işə töhfələr vermiş ziyalılar “Fəxri fərman”larla təltif edilmişdir.
Tədbirin sonunda “Cümhuriyyət – anılar və anlar” kitabı müəllif Elmin Nuri tərəfindən oxucular üçün imzalanmışdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəklədiyi, Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi “100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə” adlı layihə çərçivəsində gün üzü görən, gənc yazar Elmin Nurinin müəllifi olduğu “Cümhuriyyət – anılar və anlar” kitabı 5 hissədən ( –“Cümhuriyyət fədailəri – ruhla tarix yazanlar”; “Cümhuriyyət naxışları –ağ-qara rəngli hadisələr”; “Məhəmməd Əmin Rəsulzadə – anılar və anlar”; “Şərqin ilk qaranquşu–Cümhuriyyət parlamenti”; “Ədəbi Cümhuriyyət”– ) ibarətdir. Kitabda, müəllifin ayrı-ayrı portallarda işıqlanan məqalələrindən istifadə edilib. Kitabın məsləhətçisi, millət vəkili Dr. Cavanşir Feyziyev, baş redaktoru (eləcə də, layihə rəhbəri) DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, redaktoru “Xalq qəzeti”inin əməkdaşı Əfsanə Ələsgərli, rəyçiləri: ADPU-nun rektoru, prof.dr. Cəfər Cəfərov və “Modern.az” xəbər portalının baş redaktoru Elşad Eyvazlıdır. Layihə əsnasında çəkilən video-çarxda isə qardaş ölkə və topluluqları ( –Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Türkiyə, Türkmənistan və Tacikistanı, Tatarıstan, Başqurdistan, Saxa (Yakutiya) və Dağıstanı, Axıska, Kırım, Batı Trakya, Bayır-Bucaq və doğma Təbrizi, eləcə də, respublikamızı) təmsil edən yeni nəsil yazarlarının ürək sözləri toplanmışdır.