19 fevral 2019-cu il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında davamlı insan inkişafı naminə peşə seçiminin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Müvafiq qurumların nümayəndələrinin, tələbə və gənclərin iştirak etdikləri tədbirdə Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin sədri, dosent Yusif Ağayev ümummilli lider Heydər Əliyevin gənclərin təhsilinə daim böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.
Davamlı insan inkişafı naminə peşə seçimi barədə danışan Y.Ağayev bildirib ki, davamlı insan inkişafı baxımından peşə seçiminin əhəmiyyəti təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi önəm daşıyır. Son illərdə gedən proseslər onu göstərir ki, dünya sürətlə dəyişməkdədir. Bu dəyişiklik bütün sahələrdə özünü göstərir. Risklər artmaqda, ölkələrarası rəqabət güclənməkdə, ali təhsillə əmək bazarı arasında ciddi dəyişikliklər baş verməkdədir. Bugünkü reallıqları nəzərə alaraq, demək olar ki, bundan sonra innovativ, inklüziv, bilik üzərində qurulan strategiyalar uğur əldə edə biləcək.
Çıxışçı vurğulanıb ki, müvafiq layihənin ideyası Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərovun “Davamlı inkişafdan ekoloji sivilizasiyaya: ali təhsil və əmək bazarı” adlı məqaləsindən qaynaqlanıb. Məqsəd cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ilk peşə və orta ixtisas təhsili standartları, əmək bazarının tələbatına uyğun peşələr və ixtisaslar üzrə peşə və orta ixtisas təhsilli kadr və mütəxəssis hazırlığının təmin edilməsi, müasir peşə-tədris mərkəz və komplekslərinin yaradılması, qeyri-hökumət təşkilatları ilə və beynəlxalq qurumlarla əməkdaşlığın inkişaf etdirilməsidir.
Dövlət İdarəçilik Akademiyasının analitika və tədrisin informasiya təminatı şöbəsinin müdiri, siyasi elmlər doktoru, professor Ziyafət Həbibova bildirib ki, dünyanın postindustrial fazaya, bilik iqtisadiyyatına keçidi dönəmində dünya təcrübəsində sosial və iqtisadi inkişafda insan amilinin dominantlığı faktı hamı tərəfindən qəbul edilir. Bu fakt milli iqtisadiyyatların inkişafı və səviyyəsi baxımından həlledici rol oynayır. Bu gün Azərbaycan Respublikasında da böyük uğurlar və sürətlə innovativ iqtisadiyyatın formalaşdırılmasına yönələn addımlar atılır.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdir müavini Nigar İsmayılzadə ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində reallaşdırılan layihələr və onun nəticələri haqqında məlumat verib.
Tədbirdə qeyd edilib ki, hər kəs öz bacarığını kəşf etməli, inkişaf etdirməli və sahəsi üzrə peşəkar mütəxəssis olaraq özünü formalaşdırmalıdır. Düzgün peşə seçimi və sevdiyin işlə məşğul olmaq insanın zövqlü və rahat yaşayışının təminatıdır. Bu, eyni zamanda, cəmiyyətdə məşğulluq probleminin həll edilməsi baxımından zəruridir.
Sonra suallar cavablandırılıb, könüllülərə sertifikatlar təqdim edilib.