2 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Xətai Sənət Mərkəzinin təşkilati dəstəyi ilə Nigar Yusupovanın layihə rəhbəri olduğu “Yaradıcı Gənc Əllər” adlı sərgi-tədbir həyata keçirilib.
Layihənin məqsədi ölkəmizdəki yaradıcı, bacarıqlı gənclərə dəstək olmaq, onları tanıtmaq və yaradıcı gənclərin sayını artırmaqdır.
Açılışı layihə rəhbəri Nigar Yusupova edib. O, ümumi layihə haqqında, layihənin məqsədi, iştirakçıların seçimi haqqında məlumat verib. Hər kəsə uğurlar arzulayıb. Daha sonra söz Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzova verilib. Zahid Əvəzov bu tip layihələrin gənclər üçün önəmli olduğunu, onlara bu yolda dəstək olmağın vacibliyini qeyd edib.
Tədbir müddətində müxtəlif növ əl işləri, rəsm əsərləri, muncuqdan, saplardan hazırlanmış bəzək əşyaları, təbii ağacdan və epoksi maddəsindən hazırlanmış aksesuarlar, dekorativ əşyalar, daş üzərində çəkilən rəsmlər təqdim olunub. Cənubi Koreyaya aid bəzək əşyaları, jurnallardan ibarət guşə gələn qonaqlara təkcə Azərbaycan mədəniyyəti motivləri ilə deyil, dost ölkə – Cənubi Koreya mədəniyyətinə aid nümunələr ilə də yaxından tanış olmağa şərait yaradıb.
Sərgidə ümumilikdə 50-dən artıq gəncin əl işləri və rəsmləri nümayiş etdirilib. Təkcə Bakıdan deyil, o cümlədən Sumqayıt, Biləsüvar, Lənkəran, Gəncədən də gələn iştirakçılar var idi. Tədbirə gələn qonaqların sayı 300 – 500 nəfər arası idi.
Tədbir istedadlı gənclər Cavidan Fatihi və Sevinc Rəhimovanın royal və gitarada ifaları, həmçinin yaradıcı gənclərdən biri olan Natiq Musazadənin uşaqlar üçün hazrladığı 5 geyimdən ibarət moda nümayişi ilə yadda qalıb.
İnsanları sərgilərə və bu kimi tədbirlərə ziyarət etməyə həvəsləndirmək və motivasiya etmək məqsədi ilə nəzərdə tutulmuş hədiyyəli giriş biletləri oynanılıb.
Dünya dəyişir, mədəniyyət sisteminə yeni baxış formalaşır. İncəsənət dünyasında da bir sıra yeni dəst-xətlər yaranır. Azərbaycan rəssamlığı, incəsənəti də zamanın bütün dövrlərində dünya mədəniyyətinə öz tövhəsini verib. Əminik ki, “Yaradıcı Gənc Əllər” tədbiri, müasir gənclər üçün incəsənətə yeni baxışın formalaşmasına xidmət edəcəkdir.