Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 799; 2018, № 5, maddə 951) aşağıdakı dəyişikliklər edilsin:
1. Preambulada və 1-ci hissədə “və ictimai fəaliyyət” sözləri “, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti” sözləri ilə və 1-ci hissədə “altı” sözü “on” sözü ilə əvəz edilsin.
2. Həmin Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyun 2019-cu il.
Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 28 iyun tarixli Fərmanı ilə
təsdiq edilmişdir
Gənclər üçün Prezident Mükafatının
ƏSASNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən istedadlı gənclərə Gənclər üçün Prezident Mükafatının (bundan sonra – Mükafat) verilməsi şərtlərini, qaydasını, həmin Mükafatın sayını, məbləğini və dövriliyini müəyyən edir.
1.2. Mükafat 10 000 (on min) manat məbləğində pul mükafatından, diplomdan, döş nişanından və həmin döş nişanının vəsiqəsindən ibarətdir.
1.3. Mükafat aşağıda göstərilən sahələrdə fərqlənən istedadlı gənclərə verilir:
1.3.1. elm və təhsil sahələri üzrə – 2 mükafat;
1.3.2. mədəniyyət sahəsi üzrə – 2 mükafat;
1.3.3. ictimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – 2 mükafat;
1.3.4. gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – 2 mükafat;
1.3.5. innovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – 2 mükafat.
1.4. Mükafatın verilməsi, o cümlədən Mükafatın diplomunun, döş nişanının və həmin döş nişanının vəsiqəsinin hazırlanması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir.
1.5. Mükafat ildə bir dəfə, fevralın 2-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə verilir.
1.6. Mükafatı Azərbaycan Respublikasının Prezidenti və ya onun vəkil etdiyi şəxs təntənəli surətdə təqdim edir.
2. Mükafatın verilməsi şərtləri
2.1. Mükafat “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı olan gənclərə aşağıdakı hallarda verilir:
2.1.1. elmdə qazandıqları mühüm nailiyyətlərə, elm və təhsilin zənginləşdirilməsinə və inkişafına xidmət edən fəaliyyətə, tədrisdə qazandıqları mühüm nailiyyətlərə, təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənməyə, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştiraka görə;
2.1.2. mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət sahələrində əldə etdikləri yüksək nailiyyətlərə, bu sahənin zənginləşdirilməsinə və inkişafına xidmət edən fəaliyyətə görə;
2.1.3. ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və bu fəaliyyətin həyata keçirilməsində fəal iştiraka görə;
2.1.4. dövlət gənclər siyasəti və gənclərlə iş üzrə proqram və layihələrin həyata keçirilməsində əldə etdikləri yüksək nailiyyətlərə görə, habelə dövlətlərarası münasibətlərin, mədəniyyətlərarası dialoqun, dövlətin və cəmiyyətin inkişafına, beynəlxalq arenada Azərbaycanın təbliğinə yönəldilmiş aktiv fəaliyyətə görə;
2.1.5. qabaqcıl yüksək texnologiyaların və innovativ ideyaların tətbiqi ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində, həmçinin bu fəaliyyətin gənclər arasında təbliği və təşviqi sahəsində əldə edilmiş uğurlara görə.
2.2. Mükafat bir şəxsə bir dəfə verilir.
2.3. Mükafat birgə fəaliyyətə görə iki və daha artıq şəxsdən ibarət qrupa verilə bilər. Bu halda, pul mükafatı həmin şəxslər arasında bərabər bölünür, diplom, döş nişanı və həmin döş nişanının vəsiqəsi isə hər bir şəxsə ayrılıqda təqdim olunur.
3. Mükafata namizədlərin irəli sürülməsi
3.1. Bu Əsasnamənin 1.3-cü bəndində nəzərdə tutulan sahələr üzrə Mükafata namizədləri aşağıdakı qurumlar irəli sürürlər:
3.1.1. elm və təhsil sahələri üzrə – Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
3.1.2. mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət sahələri üzrə – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;
3.1.3. ictimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu;
3.1.4. gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və qeyri-hökumət təşkilatları;
3.1.5. innovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu.
3.2. Bu Əsasnamənin 3.1.1–3.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş qurumlar Mükafata irəli sürülən namizədlər haqqında məlumatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə təqdim edirlər.
3.3. Bu Əsasnamənin 3.1.1–3.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş qurumlar tərəfindən növbəti il üzrə Mükafata namizədlərin irəli sürülməsi cari il oktyabrın 1-dən dekabrın 1-dək olan dövrdə həyata keçirilir.
3.4. Bu Əsasnamənin 3.1.1–3.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş qurumlar Mükafata namizədlərin irəli sürülməsində müstəqildirlər. Hər bir qurum Mükafata ən çoxu üç namizəd təqdim edir.
3.5. Bu Əsasnamənin 3.1.1–3.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş qurumlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə Mükafata irəli sürdükləri hər bir namizədlə bağlı aşağıdakı sənədləri təqdim edirlər:
3.5.1. namizədin Mükafata irəli sürülməsi barədə təqdimat;
3.5.2. namizədin tərcümeyi-halı;
3.5.3. namizədin xasiyyətnaməsi;
3.5.4. namizədin şəxsiyyətini təsdiq edən sənədin notarial qaydada və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq edilmiş surəti;
3.5.5. namizədin təhsili haqqında sənədinin notarial qaydada və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq edilmiş surəti;
3.5.6. bu Əsasnamənin 2.1-ci bəndində göstərilən şərtlərə uyğun olaraq namizədin Mükafata təqdim olunan əsəri və ya həmin bənddə nəzərdə tutulan sahələrdə fəaliyyəti haqqında məlumat.
3.6. Bu Əsasnamənin 3.5.1 və 3.5.3-cü yarımbəndlərində nəzərdə tutulmuş sənədləri namizədi irəli sürən qurumun rəhbəri imzalayır və həmin qurumun möhürü ilə təsdiqləyir.
3.7. Bu Əsasnamənin 3.5.2–3.5.5-ci yarımbəndlərində nəzərdə tutulmuş sənədlər iki nüsxədə təqdim edilir.
4. Mükafata təqdim edilən namizədlərin seçilməsi
4.1. Mükafata namizədlərin irəli sürülməsi və seçilməsi ilə bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi aşağıdakı zəruri təşkilati tədbirlər görür:
4.1.1. Mükafata təqdim edilmiş namizədlərin seçimini təşkil etmək məqsədilə Ekspert Komissiyası yaradır;
4.1.2. bu Əsasnamənin 3.1.1–3.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş qurumların bu Əsasnamənin 3.3-cü bəndində nəzərdə tutulmuş müddətdə Mükafata namizədlərlə bağlı təkliflərini ümumiləşdirir və baxılmaq üçün Ekspert Komissiyasına təqdim edir;
4.1.3. Mükafata namizədlərin siyahısını Ekspert Komissiyasının qərarı ilə təsdiq edir;
4.1.4. Mükafata namizədlərin Ekspert Komissiyasının qərarı ilə təsdiq edilmiş siyahısını Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
4.2. Ekspert Komissiyası 9 üzvdən ibarət tərkibdə yaradılır. Ekspert Komissiyasının tərkibinə, hər qurum üzrə bir nümayəndə olmaqla, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri və ictimaiyyəti təmsil edən 1 nümayəndə daxil edilir.
4.3. Ekspert Komissiyasının tərkibini Azərbaycan Respublikasının Gənclər və İdman naziri təsdiq edir. Ekspert Komissiyasının fəaliyyəti barədə reqlamenti Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi təsdiqləyir.
4.4. Ekspert Komissiyasının fəaliyyəti Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin həmin Komissiyaya təqdim etdiyi Mükafata namizədlər sırasından seçimlə məhdudlaşır.
4.5. Ekspert Komissiyası qərarları səsvermə yolu ilə, sadə səs çoxluğu ilə qəbul edir.
4.6. Ekspert Komissiyası namizədlərin seçilməsi barədə əsaslandırılmış qərarını, Mükafata təqdim ediləcək namizədlərin siyahısını və fəaliyyətinin yekunu haqqında protokolu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə təqdim edir.
4.7. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Mükafata namizədlərin siyahısını, hər bir namizədin bu Əsasnamənin 2.1-ci bəndində göstərilən müvafiq şərtə uyğunluğu barədə arayışla birgə, cari il dekabrın 20-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
5. Yekun müddəalar
5.1. Mükafata layiq görülmüş şəxs Gənclər üçün Prezident Mükafatı laureatı hesab olunur.
5.2. Mükafatın diplomunun, döş nişanının və həmin döş nişanının vəsiqəsinin təsvirini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.3. Gənclər üçün Prezident Mükafatı laureatı vəfat etdikdə, habelə Mükafat şəxsə ölümündən sonra verildikdə, Mükafat onun ailəsinə təqdim olunur. Bu halda təqdim olunan pul mükafatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vərəsəlik üzrə keçir.