
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Suveren dövlət, vətənpərvər gənclik” şüarı altında davam edən “Səyyar Gənclər Xidməti”nin Daşkəsəndəki fəaliyyəti uğurla başa çatıb. 8-12 sentyabr tarixlərində reallaşan layihə gənclərin peşəkar bacarıqlarının artırılması, liderlik potensiallarının yüksəldilməsi və milli-mənəvi dəyərlərə sadiqliyinin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynayıb.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunmuş 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında, o cümlədən ucqar kəndlərində reallaşdırılan layihənin əsas məqsədi Ali Baş Komandanın rəhbərliyi altında qazanılmış tarixi Qələbənin mahiyyətini, dövlət müstəqilliyimizin və suverenliyimizin bərpasının dəyərini gənclərə daha geniş şəkildə təbliğ etmək olub. Eyni zamanda, layihə Vətənə bağlı gənclərin yetişməsinə töhfə verməklə yanaşı, dövlət gənclər siyasəti çərçivəsində mövcud imkanların və yeni təşəbbüslərin region gəncləri üçün daha əlçatan və faydalı olmasını hədəfləyib.
Səyyar Gənclər Xidmətinin Daşkəsəndəki açılış mərasiminin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev öz çıxışlarında layihənin gənclərə yeni biliklər qazandırması ilə yanaşı, həm də onların dövlətçilik dəyərlərinə sadiq, öz potensialını kəşf edən və sosial mühitdə daha güclü gənc kimi formalaşmalarına şərait yaratdığını bildiriblər.
Layihə çərçivəsində Müdafiə Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, eləcə də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşları gənclərlə müxtəlif istiqamətlər üzrə maarifləndirici görüşlər keçiriblər. Bununla yanaşı, təşkil edilən müxtəlif sessiyalarda gənclər peşə seçimi və karyera yolları, şəxsi inkişaf və motivasiya, könüllülüyün əhəmiyyəti, süni intellekt texnologiyalarının yaratdığı imkanlar, sağlam və təhlükəsiz həyat tərzi barədə faydalı biliklər əldə ediblər.
Eyni zamanda, layihə çərçivəsində yaradılmış “Vətənpərvər gənclik”, “Yaradıcı gənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera” və “Əyləncə” adlı xüsusi zonalar isə iştirakçılara yaradıcılıqlarını nümayiş etdirmək, rəqəmsal potensiallarını artırmaq və bacarıq perspektivlərini inkişaf etdirmək üçün geniş şərait yaradıb. Bu zonalarda gənclər interaktiv təlimlərdə, vörkşoplarda, intellektual yarışlarda, sərgilərdə və master-klasslarda fəal iştirak ediblər. Komanda işinə yönəlmiş yarışlar, stolüstü oyunlar və digər əyləncəli fəaliyyətlər isə gənclərin həm asudə vaxtlarını səmərəli keçirmələrinə, həm də yeni dostluqlar quraraq ünsiyyət bacarıqlarını möhkəmləndirməsinə imkan yaradıb. Günün sonunda xüsusi fəallığı ilə seçilən gənclər hədiyyələrlə təltif olunublar.
Xatırladaq ki, bu ilin oktyabr ayının sonunadək ölkənin 15 şəhər və rayonunu, eyni zamanda ən ucqar kəndlərini əhatə edəcək olan “Səyyar Gənclər Xidməti” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə tərəfdaşlığı ilə həyata keçirilir.