
25 fevral 2025-ci il tarixində Macarıstanın Budapeşt şəhərində Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri baş tutub.
Tədbir zamanı ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək xalqımıza qarşı törədilən soyqırımın beynəlxalq ictimaiyyətə çatdırılmasında gənclərin rolu və Ulu Öndər Heydər Əliyevin ilk dəfə olaraq soyqırıma hüquqi-siyasi qiyməti verməsi barədə məlumat veriblər. Eyni zamanda, gənclərlə Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olan Xocalı Soyqırımının tarixi faktları ilə bağlı müzakirələr aparılıb.
Daha sonra “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində ərsəyə gətirilmiş “Əsirlikdə 8 gün” bədii filmi nümayiş etdirilib. Bədii film Xocalı Soyqırımının şahidi olmuş və 8 gün erməni zindanında ağır işgəncələrə məruz qalmış mərhum Dürdanə Ağayeva və qardaşı Elşad Ağayevin timsalında faciənin ağrılı nəticələrinə həsr olunub. Film bacı-qardaşın əsirlikdə yaşadığı dəhşətli günləri və çəkdiyi əzabları əks etdirir.