Fevralın 25-də Türkiyənin İstanbul şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 ili ilə əlaqədar “Qarabağdan Anadoluya: Gənclərin İstanbul Forumu” keçirilib.
Azərbaycan Gənclər Fondunun dəstəyi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının tərəfdaşlığı və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan forum Qarabağ savaşında şəhid olanların və Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Forumun açılış nitqi ilə çıxış edən layihə rəhbəri və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər Vətən müharibəsində olduğu kimi, “Əsrin fəlakəti” olaraq adlandırılan zəlzələnin fəsadlarının aradan qaldırılmasında da Azərbaycan və Türkiyə xalqlarının bütün dünyaya birliklərini nümayiş etdirdiyini vurğulayıb.
“Bu gün Türkiyə xalqının yanında olduğumuzu, birlik və bərabərliyimizi bir daha göstərmək istəyirik. Buna görə də bu forumda hər zaman birlikdə, çiyin-çiyinə mübarizə apardığımız qardaşlarımızla bərabərik”, – deyə Aqil Ələsgər bildirib.
Ölkəmizin İstanbuldakı konsulu Zaur Allahverdi-zadə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) deputatı Həsən Küçük, Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Ədalət Turan, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu çıxışlarında forumun əhəmiyyətinə diqqət çəkiblər.
Türkiyədə baş verən zəlzələ haqqında danışan Zaur Allahverdi-zadə Azərbaycan dövləti və xalqının Türkiyə üçün səfərbər olduğunu qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanda qardaş ölkəyə axtarış-xilasetmə qrupları, humanitar yardımlar göndərilib, müxtəlif yardım kampanilayaları təşkil olunub.
Azərbaycan xalqının zəlzələdən zərər çəkənlərə göndərdiyi yardımlardan söz açan Şamil Ayrım “Gücümüzü birliyimizdən alırıq” deyə vurğulayıb.
Türk xalqlarının gəncləri arasında körpü qurulması istiqamətində atılan addımlara toxunan Şamil Ayrım belə forumların reallaşdırılmasının böyük əhəmiyyət daşıdığını bildirib.
ŞKTC-nin millət vəkili Həsən Küçük isə gələcəkdə “Qarabağdan Anadoluya və Anadoludan Kiprə” mövzusunda forumun Şimali Kipr Türk Cümhuriyyətində də keçirilməsini təklif edib.
Tədbir “Anadoludan Qarabağa: Media paneli” və “Qarabağdan Anadoluya Gənclər paneli” sessiyaları ilə davam edib.
“Haber7” saytının baş redaktoru Osman Atəşlinin moderatorluğu ilə keçirilən birinci paneldə “Ülke TV” xəbər koordinatoru Mustafa Yıldız, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu və “Vətəninfo” saytının baş redaktoru Nahid Canbaxışlı iki ölkə arasındakı media əlaqələrini müzakirə edib, perspektivlər barədə fikir mübadiləsi aparıblar.
“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri, “Diaspor” İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdilinin moderatorluğu ilə baş tutan ikinci paneldə jurnalist Aysu Mola, DAVAM Hərəkatının sədri Nihad Allahyarlı, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının koordinatoru Altay Mirzəliyev və jurnalist Natiq Çıraqzadə Türkiyə və Azərbaycan gəncləri arasında inteqrasiyanın gücləndirilməsi istiqamətində görülən işlərdən və atılması zəruri olan addımlardan danışıblar.
Forumun sonunda həmrəylik rəmzi olaraq plaketlər təqdim edilib.