“Gəncliyə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gənclərinin karyera Qış Məktəbi” layihəsi həyata keçirilib.
Göyçay rayonunda icra edilən layihədə Zərdab və Ucar rayonlarından olan ümumilikdə 17 gənc üçün təlim və təcrübə proqramı təşkil edilib.
Layihə çərçivəsində iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Heydər Əliyev irsinin təbliğ olunması ilə əlaqədar olaraq Ulu Öndərin abidəsini ziyarət edərək önünə güllər düzdülər.
Proqram çərçivəsində təşkil edilən üçgünlük təlimlərdə gənclərə təlimçi Əzizağa Atakişiyevin təqdimatında “Karyera nədir?”, “Necə uğurlu karyera qurmaq olar?” mövzularında informasiyalar ötürülüb.
Sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin direktoru Coşqun İsmayılovun təqdimatında “Peşəkar CV hazırlama qaydaları”, “Müsahibə”, “Şəxsi brendinq və işaxtarma texnikaları” və “Peşəkar imeyl yazma qaydaları” haqqında məlumat gənclərin diqqətinə çatdırılıb. Eləcə də onlar “Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyinin sədri Kazım Məmmədovun təqdimatında “Komanda işi”, “TutorLab” tətbiqinin təsisçisi Azad Manaflının təqdimatında isə “Startap nədir və necə idarə olunur?” mövzularında təlimlərə cəlb olunublar.
Proqramın sonunda iştirakçılarla birlikdə “AzNar QSC” zavoduna infotur təşkil olunub və oradakı iş strukturu gənclərin diqqətinə çatdırılıb.
Azərbaycan Gənclər Fondunun əməkdaşı Zaur Osmanov layihənin yekunlaşması ilə bağlı gənclərə uğurlar arzulayıb.