
“Ədalət və İnkişaf Naminə” Uşaq və Gənclərə Dəstək İctimai Birliyi bu adda layihə həyata keçirir.
“Ədalət və İnkişaf Naminə” Uşaq və Gənclərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun Dəstəyi ilə “Şəhidlər və şahidlər: Vətən Müharibəsi Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı layihə həyata keçirir.
Təşkilatın sədri Nuranə Kərimova məlumat üçün bildirdi ki, “Şəhidlər və şahidlər: Vətən Müharibəsi Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” layihəsi yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin artırılmasına, onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərərək milli adət- ənənələrimizə, tariximizə hörmət ruhunda tərbiyələrinə kömək etmək məqsədilə həyata keçirilir.
Layihə Xətai və Yasamal rayonlarında keçirildi. Layihənin icrası müddətində 5 tədbir təşkil edildi. Tədbirlərin 3-ü Xətai rayonu ərazisindəki 55, 56 və 245 saylı məktəblərdə, 2-si Yasamal rayonu ərazisindəki 173 və 225 saylı məktəblərdə keçirildi. Reallaşdırılan bütün tədbirlərdə yeniyetmə və gənclər böyük fəallıq nümayiş etdirdilər. Layihə çərçivəsində Şəhidlər xiyabanına yürüş təşkil olundu.
Nuranə Kərimova onu da əlavə etdi ki, layihədə Vətən müharibəsi şəhidləri haqqında hazırlanmış xüsusi vəsaitlər yeniyetmə və gənclərə təqdim edildi. Şəhidlərimiz və qazilərimiz haqqında hazırlanmış videoçarx nümayiş olundu. Xətai və Yasamal rayon məktəbliləri arasında yuxarı sinif şagirdləri ilə müharibə iştirakçılarının, şəhid ailələrinin və qazilərin görüşləri təşkil olundu, şagirdlərin şəxsi nümunələr əsasında məlumatlandırılması həyata keçirildi.
44 günlük Vətən müharibəsində şücaət, qəhrəmanlıq göstərərək düşmən tapdağı altında olan torpaqlarımızı azad edən şəhidlərimiz, qazilərimiz haqqında maarifləndirici tədbirlərin təşkil olunması olduqca vacibdir. Bu tədbirlər yeniyetmə və gənclərimizin gələcək həyatlarına müsbət təsir göstərə, onların milli-mənəvi dəyərlərimizə sadiq, vətənpərvər vətəndaş kimi yetişmələrinə tohfələr verə bilər. Müasir müstəqil, qalib Azərbaycanın gələcəyi bugünkü ailə və milli dəyərlərimizin daşıyıcısı olan vətənpərvər gəncliyimizin sağlam ruhu, düşüncəsi, təfəkkürü ilə çox sıx bağlıdır.