
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və “AzeRobot education” tədris mərkəzinin texniki dəstəyi ilə “Avropa Tələbələr Forumu-Sumqayıt” İctimai birliyinin “Gənc qızların İKT biliklərinə yiyələnməsi və iqtisadiyyata rəqəmsal transformasiyası” adlı layihəsinə yekun vurulub. Tədbirlər “AzeRobot education” Robototexnika tədris mərkəzinin Koroğlu, Maştağa, Balaxanı filiallarında baş tutub. Təlimlər Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasından dəvət olunmuş peşəkar mütəxəssis Müşərrəf Məmmədova tərəfindən keçirilib.
Tədbirlərin əsas məqsədi rəqəmsal mühitlə bağlı gender bərabərsizliyini azaltmaq, qızların rəqəmsal bacarıqlarını inkişaf etdirmək və ölkəmizdə gənc qızların şəxsi inkişafını dəstəkləməkdir. Gənc qızlara rəqəmsal bacarıqlar və kompüter texnologiyaları, elektron ticarətin təşkili, elektron ticarətin hüquqi tənzimlənməsi, həmçinin şəxsi inkişaf bacarıqları və bu bacarıqlardan istifadə etməklə uğur qazanmaq yolları üzrə təlimlər keçirilib.
Qeyd edək ki, təlimlərdə 100-dən artıq gənc qız iştirak edib.