Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət komitəsinin dəstəyi, Azərbaycan Tələbə və Məzunlar Platformasının birgə təşkilatçılığı ilə Vətən müharibəsi qəhrəmanlarını yad etmək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədilə ASAP-a üzv olan xaricdə təhsil alan gənclər tərəfindən Avropanın müxtəlif şəhərlərində silsilə tədbirlərə start verilib.
Bu çərçivədə ilk tədbir oktyabrın 14-də Ukraynanın Kiyev şəhərinin “Azadlıq” meydanında baş tutub. Məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun dövlətimizin ərazi bütövlüyünü bərpa etməklə tarixi ədalətsizliyə son qoyması, Vətən müharibəsi dövründə Ermənistanın törətdiyi hərbi cinayətləri, müharibədən sonra regionda yaranmış yeni siyasi reallığı dünya ictimaiyyətinə çatdırmaq, erməni vandalizmini insanlara təkrar xatırlatmaq olan aksiya çərçivəsində ASAP-a üzv olan gənclər Vətən müharibəsinin həqiqətlərini özündə əks etdirən bukletləri paytaxt sakinlərinə paylayaraq, ətraflı məlumat veriblər. Bukletlərdəki fotolarda işğal dövründə Azərbaycan mədəni irsinə, təbiətinə və mülki əhalisinə qarşı törədilən cinayətlər öz əksini tapıb.
Gənclər müharibənin mülki insanlar, xüsusilə yeniyetmə və uşaqlarda iz qoyduğu unudulmaz və ağır təsirləri haqqında fikirlər səsləndirirərək, erməni vandalizminin səbəb olduğu dəhşətli faktlar barədə vətəndaşları məlumatlandırıblar.
Maraqla qarşılanan aksiyada azərbaycanlı gənclərə yaxınlaşaraq daha ətraflı məlumat alan və fotolar çəkdirən Kiyev sakinləri Azərbaycan-Ukrayna dostluğunu bir daha nümayiş etdirərək, ölkəmizə dəstək olduqlarını bildiriblər.
Aksiya müddətində gənclər tərəfindən Azərbaycan xalqına bu böyük Zəfər sevincini yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə edilib, Şanlı Qələbəni bizə yaşadan şəhidlər ehtiramla yad edilib, qazilərə sağlıq arzulanıb.
44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar silsilə aksiyalar qarşıdakı günlərdə digər Avropa şəhərlərində də davam edəcək.