Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir.

Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir.

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram:

1.2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilsin.

2.Azərbaycan Respublikasının Nazirlər Kabineti “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 yanvar 2021-ci il.

 

Nizami Gəncəvi

 

 

 

 

 

 

 

 

Həyatı

İlyas Yusif oğlu Nizami Gəncəvi (1141, Gəncə -1209, Gəncə) –Azərbaycan şairi və mütəfəkkiri. Sənətkar ailəsində doğulmuş, Gəncə mədrəsələrində təhsil almış, şəxsi mütailə sayəsində orta əsr elmlərini mükəmməl öyrənmiş, xüsusən Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dillərini də incəliklə bilən şairin yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astranomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın olur. Ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169/70-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.

Ölüm günü

Nizami Gəncəvinin məqbərəsində 1947-ci ildə aparılan qazıntı işləri zamanı onun sinə daşı tapılmışdır. Həmin daşda onun 1209-cu il mart ayının 12-də dünyasını dəyişdiyi yazılıb

Yaradıcılığı

Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir.

Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.

Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət “Xəmsə” (“Beşlik”) müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi “Məxzənül-əsrar” (“Sirlər xəzinəsi”) adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. III Toğrulun sifarişi ilə qələmə aldığı “Xosrov və Şirin” poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə “Leyli və Məcnun” mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə “Leyli və Məcnun” poemasını (Şərqdə ilk dəfə) yaratmışdır. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına “Yeddi gözəl” əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı “İsgəndərnamə” (təqr. 1203) poemasını qələmə almışdır.

Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümumbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır.

Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.

Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.

Nizami əsərlərini fars dilində yazmışdır. O, türk dilində yazmamasını “Leyli və Məcnun” əsərində özünə qüsur tutmuş, sonra “Yeddi gözəl”də bu məsələyə bir daha toxunmuşdur:

Dilçə şerimizdə olsa da kəsir,

Mənaca böyükdür ondakı təsir.

 

Nizami Gəncəvinin yaradıcılığı humanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.

Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.

 

Xəmsə

Sirlər Xəzinəsi

http://www.anl.az/el/n/ng_sx.pdf

Xosrov və Şirin

http://anl.az/el/n/ng_x&sh.pdf

Leyli və Məcnun

http://anl.az/el/n/ng_l&m.pdf

Yeddi Gözəl

http://www.anl.az/el/n/ng_yeddi_gozel.pdf

İskəndərnamə

http://anl.az/el/n/ng_i-i.pdf