Regulation

Sorry, this entry is only available in Azerbaijani For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Azərbaycan Respublikasının Gənclər Fondunun NİZAMNAMƏSİ

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında yaradılmış, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətin stimullaşdırılmasını təmin edən publik hüquqi şəxsdir.

1.2. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Fond öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Fond bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. Fondun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Qanuna uyğun olaraq, Fondun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.

1.7. Fond Bakı şəhərində yerləşir.

2. Fondun fəaliyyətinin əsas məqsədi və istiqamətləri

2.1. Fondun fəaliyyətinin əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları (bundan sonra – layihə) qrant şəklində məqsədli maliyyələşdirməkdən, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkilindən, habelə gənclərə maliyyə köməyi nəzərdə tutan layihələri dəstəkləməkdən ibarətdir.

2.2. Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

2.2.2. gənclər siyasəti sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

2.2.3. gənclərin, gənclər təşkilatlarının, eləcə də gənclər siyasətinin həyata keçirilməsində iştirak edən dövlət və yerli özünüidarəetmə orqanlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsi ilə bağlı innovativ ideyalarını dəstəkləmək;

2.2.4. gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında yaxından iştirakını təmin etmək, onların təşəbbüskarlığının stimullaşdırılması və artırılması istiqamətində tədbirlər görmək.

3. Fondun vəzifələri və hüquqları

3.1. Fond, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak edir;

3.1.2. Fondun fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.1.3. bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun olaraq, gənclər siyasəti sahəsində layihələrin həyata keçirilməsini və qrant maliyyələşdirilməsini təşkil edir;

3.1.4. layihələrin həyata keçirilməsi üçün Fondun vəsaitinin xərclənməsi istiqamətlərini müəyyən edir;

3.1.5. layihələrin qrant maliyyələşdirilməsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müsabiqələrin keçirilməsini təşkil edir və onların nəticələrini açıqlayır;

3.1.6. Fondun vəsaitləri hesabına maliyyələşdirilən layihələrin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən “Fondun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydası”na uyğun olaraq ekspertizadan keçirilməsini təşkil edir;

3.1.7. gənclər siyasəti sahəsində dövlət proqramlarından irəli gələn layihələrin maliyyələşdirilməsinə üstünlük verir;

3.1.8. gənclərin inkişafını təmin edən regional və beynəlxalq proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.1.9. aztəminatlı ailələrdən olub təhsil alan gənclərə təhsil müddətində təhsil müəssisəsinin yataqxanasında yer ayrılması üçün Fondun vəsaiti hesabına, bu Nizamnaməyə uyğun olaraq, maliyyə dəstəyi göstərir;

3.1.10. ixtisas və təhsil proqramları üzrə ölkənin ehtiyacları nəzərə alınmaqla, Fondun vəsaiti hesabına gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil prosesini, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakını bu Nizamnaməyə uyğun olaraq maliyyələşdirir;

3.1.11. gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə bu Nizamnaməyə və işəgötürənlə bağlanmış razılaşma müqaviləsinə uyğun olaraq, gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əməkhaqqını 1 (bir) ildən çox olmayan müddət ərzində Fondun vəsaiti hesabına qismən maliyyələşdirir;

3.1.12. Fonda ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

3.1.13. Fondun ayırdığı vəsaitdən təyinatı üzrə istifadə olunmasına nəzarət edir, həmin vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə, maliyyələşdirmənin dayandırılması və verilən vəsaitin qaytarılması üçün tədbirlər görür;

3.1.14. dövlət orqanları, beynəlxalq təşkilatlar, hüquqi və fiziki şəxslər tərəfindən maliyyələşdirilən məqsədli proqram və layihələrin həyata keçirilməsində iştirak edir;

3.1.15. istedadlı və fəal gənclərin mükafatlandırılmasını təmin edir;

3.1.16. yaradıcı gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələrini dəstəkləyir;

3.1.17. kadr hazırlığını stimullaşdırır, istedadlı gənclərin və gənc alimlərin məlumat bankını yaradır;

3.1.18. gənclər təşkilatlarının maddi-texniki inkişafı yolu ilə vətəndaş cəmiyyətini və ictimai təşəbbüskarlığı dəstəkləyir;

3.1.19. gənclərin internet media sahəsində inkişafını dəstəkləyir;

3.1.20. animasiya və bədii filmlər vasitəsilə gənclərin Azərbaycan xalqının dilinə, adət və ənənələrinə, mənəvi dəyərlərinə, dövlət rəmzlərinə hörmət, azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsini gücləndirmək üçün tədbirlər görür;

3.1.21. gənclərin ekoloji maarifləndirilməsi məqsədilə onlar arasında müxtəlif tədbirlər, o cümlədən təlimlər və tətbiqi layihələr həyata keçirir;

3.1.22. beynəlxalq əməkdaşlığın genişləndirilməsi vasitəsilə ölkənin beynəlxalq səviyyədə mövqeyinin möhkəmləndirilməsində iştirak edir;

3.1.23. gənclərin, o cümlədən əcnəbi gənclərin Azərbaycan tarixinə və mədəniyyətinə dair tədqiqat işlərini dəstəkləyir;

3.1.24. Azərbaycanın təqdimatına və təbliğinə yönəldilmiş layihələri dəstəkləyir;

3.1.25. gənclərin vəziyyətinin öyrənilməsi, müvafiq statistik məlumatların toplanması istiqamətində iş aparır;

3.1.26. gənclərin təhsili, sağlamlığı, peşəyönümü, məşğulluğu, inkişafı, asudə vaxtının səmərəli təşkili üçün zəruri olan hüquqi, iqtisadi və digər məlumatların toplanması və yayılması üzrə layihələrin həyata keçirilməsinə kömək edir;

3.1.27. bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun olaraq gənclərin təqdim etdikləri innovativ layihələrin (startap) maliyyələşdirilməsi üçün Fondun vəsaiti (qrantlar istisna olmaqla) hesabına Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə güzəştli kreditlər ayırır;

3.1.28. Fondun bu Nizamnamənin 3.1.27-ci yarımbəndində göstərilən vəsaiti hesabına güzəştli kreditin alınması ilə bağlı müvəkkil kredit təşkilatlarının müraciətlərinə baxır və bu Nizamnamənin 3.1.6-cı yarımbəndinə uyğun olaraq keçirilən ekspertizanın rəyindən asılı olaraq, həmin müraciətlərin təmin olunması və ya imtina edilməsi barədə müvafiq qərarlar qəbul edir;

3.1.29. gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı infrastrukturun, o cümlədən gənclər evlərinin maddi-texniki bazasının modernləşdirilməsinə və gücləndirilməsinə yardım göstərir;

3.1.30. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yeniləşdirilməsini təmin edir;

3.1.31. Fondun informasiya təminatını və onun təhlükəsizliyini təşkil edir;

3.1.32. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

3.1.33. Fondun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;

3.1.34. Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxır;

3.1.35. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

3.2. Fond öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları həyata keçirir:

3.2.1. beynəlxalq əlaqələr qurur, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq edir;

3.2.2. gənclər siyasəti sahəsində beynəlxalq təcrübəni öyrənir və xaricdə fəaliyyət göstərən müvafiq qurumlarla təcrübə və informasiya mübadiləsi aparır;

3.2.3. bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun olaraq, Azərbaycan Respublikasında və xarici ölkələrdə hüquqi və fiziki şəxslərlə işgüzar münasibətlər qurur;

3.2.4. bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun olan layihələrin maliyyələşdirilməsi məsələsini həll edir;

3.2.5. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə gənclər siyasəti sahəsində zəruri məlumatlar (sənədlər) barədə sorğu verir və onlardan məlumatlar (sənədlər) alır;

3.2.6. Fondun fəaliyyətini, o cümlədən maliyyələşdirdiyi layihələrin mühüm nəticələrini ölkə daxilində və xaricdə təbliğ edir;

3.2.7. Fondun vəsaiti hesabına maliyyələşdirilən layihələrin bu Nizamnamənin 3.1.6-cı yarımbəndinə uyğun olaraq ekspertizadan keçirilməsi üçün kənar mütəxəssisləri (ekspertləri) cəlb edir;

3.2.8. xüsusi bülletenlər və digər nəşrlər buraxır;

3.2.9. Fonda maliyyə ehtiyatlarının cəlb olunması üçün tədbirlər görür;

3.2.10. öz fəaliyyətinə könüllüləri cəlb edir;

3.2.11. gənclər siyasəti sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir;

3.2.12. istifadəsində olan əmlaka münasibətdə qanunla nəzərdə tutulmuş hüquqları həyata keçirir;

3.2.13. Fondun balansında olan dövlət əmlakını qanunvericiliyə uyğun olaraq icarəyə verir və ya ondan istifadə edir;

3.2.14. vəzifələrinin yerinə yetirilməsi məqsədilə təsərrüfat cəmiyyətləri yaradır və ya onlarda iştirak edir;

3.2.15. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirir.

4. Fondun idarə olunması

4.1. Fond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Fondu Müşahidə Şurası və İcraçı direktor idarə edirlər.

4.3. Fondun Müşahidə Şurası (bundan sonra – Şura) Fonda ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.4. Şura, onun sədri də daxil olmaqla, doqquz üzvdən ibarətdir. Şura üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir.

4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

4.6. Şura qərar qəbul etməkdə müstəqildir.

4.7. Şura aşağıdakı vəzifələri yerinə yetirir:

4.7.1. Fondun inkişaf istiqamətlərini müəyyən edir;

4.7.2. Şura üzvlərinin və İcraçı direktorun müraciətlərinə baxır və qərar qəbul edir;

4.7.3. Fondun fəaliyyətinə dair illik hesabatı dinləyir;

4.7.4. Fondun kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;

4.7.5. Fondun strukturunu, əməkhaqqı fondunu və işçilərinin say həddini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edir;

4.7.6. Şuranın, İcraçı direktorun və əməkdaşların fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və onların icrasına nəzarət edir;

4.7.7. Fondun fəaliyyətinə dair daxili qaydaları, habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq edir.

4.8. Şuranın iclasları ildə azı bir dəfə çağırılır. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya direktor çıxış edir. Şuranın iclasları Şura üzvlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında qərarlar, hər üzv bir səsə malik olmaqla, sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.

4.9. Şuranın sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrası Şuranın sədri tərəfindən təsdiq edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilir.

4.10. Şuranın sədri:

4.10.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;

4.10.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslarda sədrlik edir;

4.10.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

4.10.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

4.11. Şuranın üzvləri:

4.11.1. Şuranın səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4.11.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.11.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

4.11.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər verirlər;

4.11.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.12. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.

4.13. Fondun cari fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor rəhbərlik edir. İcraçı direktor Fonda həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə cavabdehdir.

4.14. İcraçı direktorun vəzifəyə təyin və vəzifədən azad etdiyi iki müavini vardır. İcraçı direktorun müavinləri icraçı direktor tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirirlər. İcraçı direktor müvəqqəti olmadıqda, müvafiq əmrlə onun müavinlərindən biri onu əvəz edir.

4.15. İcraçı direktor aşağıdakı vəzifələri yerinə yetirir:

4.15.1. Fondun fəaliyyətini təşkil edir, onun cari fəaliyyətinə rəhbərlik edir və Fondu təmsil edir;

4.15.2. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir və sənədlər təqdim edir;

4.15.3. Fondun fəaliyyətinə dair illik hesabatı hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

4.15.4. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələri həyata keçirmək üçün Şuraya təkliflər verir və sənədlər təqdim edir;

4.15.5. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Fondun təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;

4.15.6. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Fondun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

4.15.7. aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

4.15.8. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Fondun Aparatının və qurumlarının strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

4.15.9. bu Nizamnamənin 3.1.34-cü yarımbəndində nəzərdə tutulmuş vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

4.15.10. kənar auditor yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;

4.15.11. Fondun əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasını təmin edir;

4.15.12. Fondun fəaliyyət istiqamətləri üzrə dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;

4.15.13. Fondun işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasını, vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

4.15.14. icrası məcburi olan sərəncam və əmrlər verir;

4.15.15. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Fondun adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.15.16. Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin işçilərinin, həmçinin təsərrüfat cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir;

4.15.17. Fondun vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.15.18. Fondun fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.15.19. Fondda kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.15.20. Fondda vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;

4.15.21. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.

4.16. Fond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

5. Fondun nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Fondun ilkin nizamnamə fondu 115 000 (yüz on beş min) manatdır.

5.2. Fondun əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə edilmiş gəlirdən, ianələrdən, qrantlardan, cəlb olunan investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.

5.3. Fond öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Fond balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Fond öz təsərrüfat cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Fond, sərəncamında olan vəsaitdən bu Nizamnaməyə uyğun olaraq, Fondun xərclər smetası əsasında istifadə edir.

5.6. Maliyyə ilinin sonuna Fondun hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

6. Fondun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Fondun fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

6.2. Fondun fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

7. Fondda uçot və hesabat

7.1. Fond “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Fond “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.

7.3. Fond filial, nümayəndəlik, idarə və təsərrüfat cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Fond öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. Fondun ləğvi və yenidən təşkili

Fondun ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.