Qrant müsabiqələri
Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və Fondun rəsmi internet səhifəsində qeydiyyatdan keçmiş gənclər təşkilatları iştirak edə bilər. Müsabiqə çərçivəsində gənclər təşkilatları iki kateqoriya üzrə layihə təqdim edə bilər – “Yerli layihələr” (ölkə ərazisində keçirilməsi nəzərdə tutulan layihələr) və “Beynəlxalq layihələr” (ən azı iki xarici ölkədən olan gənclər təşkilatı və beş ölkəni təmsil edən gənclərin iştirakı ilə ölkə ərazisində, habelə Azərbaycan Respublikasından olan gənclərin iştirakı ilə xarici ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan layihələr). Müsabiqəyə təqdim olunmuş layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Yerli layihələr üçün ayrıla biləcək qrant məbləği 10.000 AZN, Beynəlxalq layihələr üzrə 15.000 AZN-ə qədər ola bilər.
Layihələrin qrant müsabiqəsindən kənar maliyyələşdirilməsi
İl ərzində qrant müsabiqələrinin keçirilmədiyi dövrdə gənclər təşkilatlarının layihələrinin müsabiqədən kənar maliyyələşdirilməsi üçün müraciət edə bilər. Gənclər Fondunun Müşahidə Şurası müsabiqədən kənar maliyyələşmə həcmini və mövzularını təqvim ilinin əvvəlində müəyyən edir və zərurət yarandıqda təqvim ili ərzində bu fondun vəsaitlərindən istifadə ilə bağlı dəyişikliklər edilməsi barədə qərarlar qəbul edir.
Gənclər təşkilatları və Gənclər evlərinin maddi - texniki bazalarının möhkəmləndirilməsi
Azərbaycan Respublikasının Gənclər Fondunun vəzifələrindən biri gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı infrastrukturun, o cümlədən gənclər təşkilatlarının və gənclər evlərinin maddi-texniki bazasının modernləşdirilməsinə və gücləndirilməsinə yardım göstərir. Bu vəzifənin həyata keçirilməsi istiqamətində Gənclər Fondu iki kateqoriya – “Struktur Qrantı” və “Birdəfəlik Texniki Yardım” üzrə dövlət qeydiyyatına alınmış və müvafiq meyarlara cavab verən gənclər təşkilatları və gənclər evlərinin müraciətlərini maliyyələşdirir.
“Struktur Qrantı” kateqoriyası üzrə gənclər təşkilatları və gənclər evləri saxlanılma və inzibati xərclərinin maliyyələşdirilməsi üzrə müraciət edə bilir. Bu kateqoriya üzrə maliyyələşdirmə 12 ay müddətini əhatə edir və Fondla resipiyent arasında qrant müqaviləsi bağlanılır.
“Birdəfəlik Texniki Yardım” kateqoriyası üzrə gənclər təşkilatları və gənclər evlərinin müraciətləri əsasında ehtiyac duyulan mal və avadanlıqlar, müvafiq maliyyələşdirmə qərarı verildikdən sonra Fond tərəfindən alınaraq, Fondun balansında saxlanılmaqla, yardım edilən resipiyentlərə əvəzsiz olaraq istifadə üçün təhvil verilir. Gənclər təşkilatları və gənclər evlərinin müraciətləri dəstəkləndiyi halda, onlarla əvəzsiz istifadə müqaviləsi bağlanılır.
Gənclər təşkilatları rəhbərlərinin beynəlxalq tədbirlərdə iştirakının maliyyələşdirilməsi
Beynəlxalq tədbirdə iştirakın maliyyələşdirilməsi üçün gənclər təşkilatlarının rəhbərləri Gənclər Fonduna müraciət edə bilərlər. Maliyyələşdirmə qərarı verildiyi halda beynəlxalq tədbirdə iştirakla bağlı tədbirdə iştirak haqqı, nəqliyyat və yaşayış xərci Gənclər Fondu tərəfindən qarşılana bilər.