10 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda onlayn gənclər konfransı keçirilib. Konfransda respublikanın 40-a yaxın şəhər və rayonunu təmsil edən 300 gənc iştirak edib, sosial şəbəkələrdə konfransı canlı yayımda 3 mindən artıq şəxs izləyib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan konfransda Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri İradə Hüseynova, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxış ediblər.
Onlayn konfrans zamanı çıxış edən natiqlərin Ulu Öndər ilə bağlı xatirələri, onun yürütdüyü düzgün siyasətin nəticəsi olaraq ölkəmizdə həyatın bütün sahələrinin inkişafında baş verən canlanma, eləcə də Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq aparıcı istiqamətlərdən biri olmuş dövlət gənclər siyasəti barədə məruzələri dinlənilib. Qeyd olunub ki, Ulu öndərin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub. Hər zaman sağlam düşüncəli, təhsilli, xalqını, millətini sevən vətənpərvər gənclik görmək istədiyini qeyd edən Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət gənc nəslin sosial rifahının yaxşılaşdırılmasına, elmi potensialının artırılmasına, eləcə də milli-mənəvi ruhda tərbiyəsinin gücləndirilməsinə də öz töhfəsini verib. Gənclərə göstərilən xüsusi diqqət və qayğı bu gün də yüksək səviyyədə cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Konfransda Gənclər Fondu tərəfindən Heydər Əliyevin şərəfli həyat yolu və fəaliyyətinə həsr edilmiş, eyni zamanda gənclərin Ulu Öndərlə bağlı düşüncələrini özündə əks etdirən videoçarxlar nümayiş olunub. Konfransa sual-cavab sessiyası ilə yekun vurulub.