Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə fevralın 26-da Bakı Konqres Mərkəzində “Könlüm Xocalı” adlı tədbir keçirilmişdir. Tədbirdə Xocalı soyqırımının şahidləri, dövlət rəsmiləri, gənclər təşkilatlarının rəhbərləri və ölkədə fəaliyyət göstərən könüllü hərəkatları və təşkilatlarının iki minə yaxın üzvü, Polis Akademiyası, Ali Hərbi Akademiya və Dövlət Sərhəd Xidməti Akademiyasının yüzlərlə müdavimi iştirak etmişdir. Tədbir keçirilən məkanda Xocalı soyqırımını əks etdirən xarici və yerli fotoqrafların lentə aldığı tarixi fotolardan ibarət sərgi təşkil edilmiş, həmçinin soyqırımı həqiqətlərindən bəhs edən nəşr və təbliğat materialları əks olunmuş “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının xüsusi stendi quraşdırılmışdır. Eyni zamanda, tədbirdən əvvəl “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində nəşr edilmiş və Milli Qəhrəman Əlif Hacıyevə həsr olunmuş “Qırmızı ləçəklər” kitabının təqdimatı keçirilmişdir. Tədbir dövlət himninin səslənməsi və faciə qurbanlarının xatirəsinin yad olunması ilə başlanmış, iştirakçılara soyqırımı barədə xüsusi hazırlanmış təqdimat nümayiş etdirilmişdir. Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən – 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirildiyi soyqırımı nəticəsində bir gecədə 106-sı qadın, 63-ü uşaq, 70-i ahıl insanlar olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Xüsusi olaraq vurğulanıb ki, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası soyqırımın tanınmasında mühüm rol oynayır. “Könlüm Xocalı” tədbirinin bədii hissəsində dünyaca məhşur TEULİS teatrının təqdimatında soyqırımından bəhs edən kölgə-teatral tamaşası nümayiş olunmuşdur. Fransız bəstəkar Piyer Tiluanın “Xocalı-613” adlı kompozisiyasının musiqisi ilə müşayiət olunan səhnədə soyqırımı gecəsi baş vermiş dəhşətlər və bu hadisənin minlərlə insanın ümid və talelərini məhv etməsi təsvir olunmuşdur. Tədbirdə Milli qəhrəman Əlif Hacıyevə həsr olunmuş xüsusi videoçarx nümayiş olunub. Mərhum Əlif Hacıyevin həyat yoldaşı Qalina Hacıyeva və qızı Zarina Hacıyeva çıxış edərək, Milli qəhrəmanın həyat yolundan, vətəninə, dövlətinə bağlılığından, həmçinin Qarabağ müharibəsi zamanı qəhrəmanlıqlarından danışıblar. Əlifin ailə üzvləri, həmçinin Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Qarabağ müharibəsi şəhidlərinə yüksək ehtiramını və onların ailə üzvlərinə qayğısını vurğulayaraq, cəmiyyətimizdə, xüsusilə də gənclər arasında Qarabağ şəhidləri və veteranlarının adının uca tutulmasını qeyd ediblər. Yekunda çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəaliyyətinə görə Heydər Əliyev Fondunun vitse-Prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirmiş, tədbirdə iştirak edən gəncləri və ictimai təşkilatları bu işdə fəal iştirak etməyə, beynəlxalq və regional tədbirlərdə, sosial şəbəkələrdə Azərbaycanın haqqlı mövqeyini daha da səylə qorumağa çağırmışdır.