Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədilə yaradılan “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam genefondun qorunması!” adlı layihə çərçivəsində Quba rayonunun 2 və 4 nömrəli tam orta məktəblərində, Birinci Nügədi qəsəbəsindəki 1 nömrəli tam orta məktəbdə və Amsar kənd tam orta məktəbində, Xaçmaz rayonunun 2, 4, 6 və 9 nömrəli tam orta məktəblərində “Narkomaniyaya “Yox” deyək” devizi altında maarifləndirici tədbirlər keçirmişdir.
Tədbirlərdə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin, Quba və Xaçmaz rayon İcra hakimiyyətlərinin, rayon təhsil və səhiyyə şöbələrinin, gənclər və idman idarələrinin nümayəndələri, məktəb direktorları, çoxsaylı müəllimər və şagirdlər iştirak etmişlər.
Çıxış edənlər “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat verməklə, dövlətimizin hər bir vətəndaşa göstərdiyi qayğıdan, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışmışlar.
Bildirilmişdir ki, narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bir sıra problemlər kimi, narkotizm probleminin üzərindən də pərdələr götürülmüş və bu neqativ hala qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bir sözlə problemə münasibətdə yeni mərhələ başlanılmışdır. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır.
Tədbirlər çərçivəsində “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndələri tərəfindən fəal iştirakçılar diplomla təltif edilmiş, müəllim və yuxarı sinif şagirdlərinə İctimai Birlik tərəfindən hazlrlanmış maarifləndirici buklet, dəftərxana ləvazimatları (qələm və dəftər) paylanmış, iştirakçılarla söhbət və müzakirələr məktəblərin bufetlərində açılan süfrə ətrafında da davam etdirilmişdir.