“Media akademiyası” gənc, həvəskar və jurnalistika fakültəsində oxuyan tələbələr üçün nəzərdə tutulmuşdur. Layihədə Bakı Dövlət Universitetinin tələbələri iştirak etmişdir.
Layihənin qonaqları Gənclər İdman Nazirliyinin nəznində yaradılmış Tədbir və Əməliyyat Komitəsinin rəhbəri Elçin Səfərov, Gilan Holding şirkətinin marketing direktoru Müşviq Hüseynov, Karate üzrə Dünya Çempionu, Dünya kubokunun sahibi Şahin Atamov və peşakar jurnalist Amil Hacıyev olmuşdur.
Layihənin açılışında Elçin Səfərov könüllülük prinsiplərindən danışaraq bunları vurğuladı: “Biz hər zaman qapıları açırıq, özünü sınamaq istəyən məqsədi olan gənc mütləq şəkildə özünü göstərəcək. Bizim I Avropa Oyunlarında çalışan könüllülərimiz öz bacarıqlarını ortaya qoydu və həqiqətəndə gözlədiyimizdən artıq bizi təəcübləndirdilər. Könüllü olmaq gələcəyin təcrübəli mütəxəsissi deməkdir”.
Layihənin qonaqlarından olan Müşviq Hüseynov isə jurnalistlərin marketinq sahəsinə olan maraqlarını qeyd edərək “Bu gün siz təhsil alırsınız sabah jurnalist və yaxud marketing mütəxəssisi olaraq çalışa bilərsiniz, amma təcrübə mütləq şəkildə lazımdır. Jurnalist hər bir peşədən məlumatlı olmalıdır” dedi.
Şahin Atamov isə idmançı və jurnalist münasibətindən danışdı: “Bizim bu gün media ilə münasibətimiz əladır. Onlar çox iş görürlər. Biz qalib oluruq, onlar göstərməsə bizi heç kəs görə bilməz. Siz də gələcəyin jurnalisti olaraq peşənizdə daima təcrübə və insanlar qazanın”.
Amil Hacıyev isə öz növbəsində jurnalistikada təcrübələrini tələbələrlə bölüşüb. O, bildirib ki, jurnalist istənilən hal və vəziyyətdən çıxmağı bacarmalıdır. “Biz istənilən hala hazır olmalıyıq. Bu jurnalistikadır, hər an hər şey ola bilər. Baş verənlər səni bir saniyə belə gözləmir. İstənilən saatda sənin işin ola bilər və buna hazır olmalısan. Hal-hazırda çoxlu qurumlar var, çalışın təcrübə keçin və bu təcrübədən ciddi şəkildə yararlanın”.