[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/NDA_2086.jpg” ]
Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin Gun.az-a müsahibəsi:
– Fond fəaliyyətə başlamadan öncə əksər gənclər bildirirdilər ki, fondun fəaliyyətindən gözləntiləri böyükdür. Ümumiyyətlə, Gənclər Fondu gənclərə nə verəcək?
– Əslində bir gənc kimi bizim özümüzün də fonddan gözləntilərimiz böyükdür. Biz çalışırıq ki, gənclərin gözləntilərini fond vasitəsilə doğruldaq. Buna görə də ilkin mərhələdə biz çalışdıq ki, dövlət proqramında əhatə olan məsələlər fondda öz əksini tapsın. Gənclər proqramı gənclər tərəfindən hazırlanıb. Proqramın hazırlanması ilə bağlı müxtəlif debatlar, görüşlər, müzakirələr Bakıda və regionlarda keçirilib və oradan gələn təkliflər əsasında proqram hazırlanıb. Fondun ilkin fəaliyyətində bu proqramın istiqamətləri əsas götürülüb. İkinci mərhələdə gənclər arasında sorğu keçiriləcək və bunun nəticəsində gəncləri maraqlandıran sahələr fondun fəaliyyətində öz əksini tapacaq.
– Fond daha çox hansı istiqamətdə olan layihələrin icrasını dəstəkləyəcək?
– Azərbaycan gənclər proqramında olan bütün istiqamətlər fondun ilk qrant layihəsində olacaq. Fondun ilkin mərhələdə fəaliyyəti gənclər proqramı ilə bağlı olacaq. Bundan əlavə biz gənclər təşkilatları ilə görüşlər keçiririk bununla da aparıcı təşkilatların fikirlərini öyrənirik. Vətənpərvərlik, gənclərin ictimai həyatda aktiv iştirakı, yaradıcı gənclərə dəstək, beynəlxalq təcrübənin öyrənilməsi və beynəlxalq münasibətlər, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi və s. kimi istiqamətlərdə olan layihələrin icrası fonda tərəfindən dəstəklənəcək.
– Regionlarda olan gənclər üçün fond hansı istiqamətdə işlər görəcək?
– Biz nəzərdə tutmuşuq ki, fondun ilk təqdimatından sonra öz təqdimatımızı regionlarda da davam etdirək. Biz regionlarda mərkəzləri seçib təqdimatlarımızı orada həyata keçirəcəyik. Təqdimatlarda fondun fəaliyyəti, bizimlə necə əməkdaşlıq etmələri barədə məlumatlar veriləcək və bununla da gənclərdən gələn təklifləri biz dəstəkləyəcəyik. Maksimum şəkildə çalışacağıq ki, regionlardan olan gənclərə onlardan gələn təkliflərə üstünlük verilsin. Bizim məqsədlərimizdən biri də regionlardan olan gənclərin inkişafını təmin etməkdir.
– Gənclər Fondunun gələcək planlarına nələr daxildir?
– Biz çalışacağıq ki, fondda gənclərin bütün gözləntilərini doğruldaq. Bundan əlavə gənclər təşkilatlarının, Azərbaycan gənclərinin maraqlı layihələrini dəstəkləyək. Beynəlxalq əlaqələri genişləndirmək məqsədilə ölkəmizdə beynəlxalq layihələr həyata keçirək. Regionlarda olan gənclərin ictimai aktivliyini artırmaq bütün bunlar bizim üçün çox vacib məsələdir. Yaradıcı gənclərə dəstək göstərək. Bu gün bölgələrdə elə gənclər var ki, onlara yaradılan kiçik bir şansla böyük işlər görməyə qadirdirlər. Xaricdən Azərbaycanı tanımaq ölkə haqqında məlumatlar əldə etmək istəyən gənclərə də imkanlar yaradacağıq. Biz onları Azərbaycan haqqında kitablar yeni məqalələrlə təmin edəcəyik. Xaricdə təhsil alan tələbələrə dəstək göstəriləcək ki öz təhsil aldıqları universitetlərdə Azərbaycanı təbliğ etsinlər. Bu kimi layihələrin dəstəklənməsi fondun gələcək planlarındandır.
– Kreativ ideyası olan lakin fərdi şəkildə istənilən gənc layihəsinin dəstəklənməsi üçün fonda müraciət edə bilər?
– Təbii ki, bizdə xüsusi proqramlar olacaq ki, fərdi şəkildə maraqlı ideyalarla müraciət edən gənclərin layihələrinin icrası üçün onlara imkan yaradılsın. Fondun fəaliyyəti ilə bağlı şura var. Şura qərar versə ki, layihə həyata keçirilsin biz həmin layihəyə mütləq dəstək göstərəcəyik. Hal-hazırda bizdə sənədləşmə prosesi bitib. Bu yaxınlarda bizim ilk təqdimatımız keçiriləcək. Biz çalışacağıq ki, təqdimatda ən kiçik məqamlar haqda da gənclərə məlumat verək.
– Fondun əsas məqsədlərindən biri də maddi resursların birbaşa gənclər tərəfindən idarə olunmasını təmin etməkdir. Bunun üçün gənclərə hansı imkanlar yaradılacaq?
– Gənclər fondu birbaşa gənclərdən gələn ideyaları dəstəkləyəcək. Təbii ki, müəyyən qədər bizim də ideyalarımız olacaq. Amma daha çox gənclərdən gələn ideyalara üstünlük verəcəyik. Bundan başqa fond hər rübün sonunda hesabatlar verəcək. Yəni fondun fəaliyyəti tam açıq olacaq. Bu ən şəffaf formada yəni bizim rəsmi internet səhifəmiz vasitəsilə həyata keçiriləcək.
Nərmin Əhmədli
Gun.az