[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/NDA_1743.jpg” ]
Son dövrlərdə gənclər sahəsinə olan diqqət və qayğı artmaqdadır. Dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti ölkə əhalisinin 60 faizini təşkil edən gənclərin hərtərəfli inkişafına, məşğulluq və təhsil səviyyəsinin yüksəldilməsinə, dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının artırılmasına hesablanıb. Qeyd etmək lazımdır ki, dövlətin bu yöndə həyata keçirdiyi siyasət çox uğurludur və artıq bu uğurların nəticələri gənclərin həyat və fəaliyyətində açıq-aşkar nəzərə çarpmaqdadır. Çünki Prezident İlham Əliyev Azərbaycan gənclərinin bilik və vərdişlərinin, bacarıqlarının hərtərəfli formalaşmasını, ölkədə bacarıqlı kadr və mütəxəssis ordusunun yetişməsini, bir sözlə, neft kapitalının insan kapitalına çevrilməsini ən əsas prioritetlərdən biri olaraq elan edib. Təsadüfi deyil ki, son dövrlərdə gənclər sahəsində intensiv və uzunmüddətli inkişaf, təhsil proqramları həyata keçirilir. Məsələn, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı uğurla həyata keçirilir və 2015-ci ilə qədər təkcə bu proqram çərçivəsində 5 minə qədər gənc inkişaf etmiş xarici ölkələrdə mükəmməl ali təhsil alacaqlar. Bu cür proqram və tədbirlərdən başqa ötən il “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı qəbul edildi və bu proqram da çox effektiv bir şəkildə həyata keçirilir. Həmin proqram çərçivəsində həyata keçirilən ən uğurlu və gəncləri davamlı, kütləvi şəkildə ehtiva edəcək layihələrdən biri Azərbaycan Gənclər Fondunun yaradılmasıdır.
Gənclər Fondunun fəaliyyətə başlaması ilə kütləvi sayda gənclərin fəaliyyət və təşəbbüsləri dövlət tərəfindən dəstəklənəcək. Bəs sözügedən fondun fəaliyyət istiqamətləri konkret hansılardır? Fond gəncləri konkret olaraq hansı formalarda dəstəkləyəcək?Bu barədə qəzetimizə eksklüziv olaraq Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev müsahibə verdi.
– Fərhad müəllim, ölkədə gənclərlə bağlı bir sıra təşkilatlar və hökumət qurumu fəaliyyət göstərir. Ayrıca olaraq Gənclər Fondunun yaranması zərurəti nədən irəli gəldi?
– Azərbaycan gəncliyi bu gün çox dinamik inkişaf mərhələsindədir. Gənclərin bu inkişafı özünü sosial-ictimai, mədəni, siyasi və digər sahələrdə qabarıq göstərir. Gənclərin inkişafına dövlətimizin dəstəyi əvəzolunmazdır. Gənclər siyasəti dövlətimizin ən vacib prioritetlərindən birinə çevrilib. Bu gün Azərbaycanda cənab Prezident İlham Əliyev tərəfindən uğurla aparılan gənclər siyasəti öz nəticələri ilə göz önündədir. Bir il ərzində Prezident gənclərlə 2 dəfə görüşüb, onların təkliflərini, fikirlərini dinləyib, öz tövsiyələrini verib və gəncliyimizə tam dəstək verdiyini bir daha söyləyib. Prezident tərəfindən təsdiqlənmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı özündə gənclərlə bağlı bir sıra mühüm məsələləri ehtiva edir. Hal-hazırda ölkəmizdə gənclərlə bağlı fəaliyyət göstərən çoxlu sayda təşkilatlar, hökumət qurumları mövcuddur. Gənclərin təşəbbüslərini, ideyalarını, təkliflərini, istəklərini reallaşdırmaq, həyata keçirmək istiqamətində atılan addımları daha da sürətləndirmək, daha çox gəncə dəstək olmaq, gənclər üçün elə məhz gənclər tərəfindən gəlmiş layihələri reallaşdırmaq üçün belə bir fondun yaradılması zərurəti var idi. Bunun üçün də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu məhz “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının tərkib hissəsi kimi yaradıldı və fonda Prezident tərəfindən 5 (beş) milyon manat büdcə ayrıldı.
– Gənclər Fondunun fəaliyyətə başlaması ilə gənclər sahəsində hansı dəyişikliklərin, yeniliklərin olması gözlənilir?
– Biz Gənclər Fondu olaraq gənclərin maraqlarına cavab verəcək, onların inkişafına xidmət edəcək və ictimai fəallığını artıracaq layihələrə dəstək göstərəcəyik. Çalışacağıq ki, gənclər üçün məhz gənclər tərəfindən gələn ideyaları gerçəkləşdirək. Biz gənclərə öz fikirləri və təklifləri ilə çıxış etmək imkanı yaradırıq. Mühüm məqamlardan biri də odur ki, ölkəmizdə ilk dəfə olaraq Gənclər Fondu gənclərin fərdi layihələrini də dəstəkləyəcək. Yəni gənclər yalnız təşkilat qismində deyil, individual şəkildə də bizə müraciət edərək ideyalarını reallaşdıra biləcəklər. Biz gənclər üçün belə bir şərait yaratdıq, indi isə onlardan aktiv olaraq layihələrini təqdim etmələrini gözləyirik.
– Fond yaranan andan gənclərlə bağlı hansı fəaliyyətləri həyata keçirib və ən yaxın zamanlarda hansı fəaliyyətlər həyata keçiriləcək?
– Fondun bütün fəaliyyəti saytımız üzərində qurulduğu üçün ilk iş olaraq Azərbaycan Gənclər Fondunun saytını iki dildə – Azərbaycan və ingilis dillərində istifadəyə verdik. (“www.youthfoundation.az” -İ.A.). Bununla yanaşı gənclər arasında müsabiqə elan edərək fondun loqosunu seçdik. Gənclər təşkilatları vasitəsilə və eləcə də fərdi şəkildə saytımızda qeydiyyatdan keçərək öz layihələrini təqdim edə biləcəklər. Qeydiyyatdan keçdikdən sonra gənclər təşkilatları və ya fərdi gənclər fonda layihə təklifi ilə müraciət edə bilərlər. Layihələrə qrantların ayrılmasını 5 kateqoriya üzrə müəyyən etdik. Bu kateqoriyalar A-yerli layihələr, B-beynəlxalq layihələr, C-fərdi gənclərin layihələri, D-beynəlxalq tədbirlərdə iştirak qrantları və E-xarici vətəndaşların tədqiqat layihələri üzrə bölünür. 8 iyun tarixində elan etdiyimiz qrant müsabiqəsi üçün artıq 107 qeyri-hökümət təşkilatı, 39 nəfər gənc isə individual şəkildə qeydiyyatdan keçərək layihələrini təqdim ediblər. Elan olunan layihə müsabiqəsi 15 iyul tarixində başa çatacaq və fondun Müşahidə Şurası tərəfindən layihə təkliflərinə baxılacaq. Daha sonra isə qalib layihələrin icrasına başlanılacaq.
– Fondun fəaliyyət istiqaməti daha çox hansı kateqoriyadan olan gəncləri əhatə edir?
– Gənclər Fondu bütün Azərbaycan gəncləri üçün fəaliyyət göstərir. Biz bütün gənclərdən layihə təklifləri gözləyirik. Gəncləri əhatə edəcək və onların inkişafına yönələcək bütün təkliflər bizim marağımızdadır. Lakin Azərbaycan Respublikasının qanunvericiliyinə görə gənclik yaşı 14-29 müəyyən olunduğu üçün bu yaş kateqoriyasına aid olan gənclərin müraciət etməsi arzuolunandır. Onu da qeyd edim ki, yaşı 29-u keçmiş bir gəncin layihəsi maraqlı, gəncləri əhatə edəcək olarsa biz onu da Müşahidə Şurasının müzakirəsinə çıxaracağıq. Bütün gəncləri bu fürsətdən yararlanmağa dəvət edirik.
– Gənc alimlərlə bağlı hansısa layihələrin həyata keçirilməsi gözlənilirmi? Fond gənc alimlərə hansı formalarda dəstək göstərə bilər?
– Gənc alimlərin, ixtiraçıların fəaliyyətlərinə dəstək göstərilməsi Gənclər Fondunun fəaliyyət istiqamətlərinə daxildir. Saytımızda yaradıcı gənclər üçün C kateqoriyası mövcuddur. Gənc alimlər və ixtiraçılar bu kateqoriya üzrə müraciət edərək layihələrini təqdim edə bilərlər. Bundan əlavə D kateqoriyası üzrə müraciət edərək gənc alimlər beynəlxalq elmi konfranslarda, seminarlarda, təlimlərdə iştirak edərək öz bilik və bacarıqlarının artırılması istiqamətində yeniliklər əldə edə bilərlər.
– Yaradıcı gənclərin xarici səfərlərinin, beynəlxalq konfranslarda iştirakının dəstəklənməsi ilə bağlı nələri demək olar? Bu iş fondun fəaliyyət istiqamətlərinə daxildirsə, mümkünsə, bu barədə təfərrüatı ilə fikirlərinizi bildirərdiniz.
– Daha öncə qeyd etdiyim kimi, C kateqoriyası məhz yaradıcı gənclər üçündür. Bu kateqoriyaya gənclərin intellektual və yaradıcı potensialının inkişaf etdirilməsi, yaradıcı gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələri, animasiya və filmləri, gənc ixtiraçılar və xüsusi istedadlara malik olan gənclərə dəstək layihələri aiddir. Yaradıcı gənclər istər C kateqoriyası üzrə, istərsə də D kateqoriyası üzrə müraciət edərək fonddan dəstək ala bilərlər. Beynəlxalq səfərlərə ayrılan qrantlar D kateqoriyası üzrə verilir. Bu kateqoriyaya müraciət edərək istər yaradıcı gənclər, istərsə də digər gənclər fondun köməkliyi ilə beynəlxalq səfərlərdə iştirak etmək imkanı əldə edəcəklər.
İlkin AĞAYEV