[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/NDA_8340.jpg” ]
Azərbaycan gəncləri son zamanlar daha çox ictimai fəallıq sərgiləməkdədirlər. Gənclərin ictimai aktivliyi çox müsbət istiqamətdə özünü göstərməkdədir. Belə ki, ölkə gəncləri getdikcə daha çox milli məsələlərin həlli ilə bağlı aksiyalara qoşulur, kütləvi şəkildə bu məsələlərin həllini tapmasında töhfələrini verməyə çalışırlar. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya savaşının aparılmasında, Azərbaycan mədəniyyətinin dünyada təbliğində, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında, diaspor və lobbiçilik işində dövlətin apardığı siyasətdə önəmli yer tuturlar. Bu isə milli məsələlərin həllini tapmasında həlledici məqamlardan biridir. Sevindirici haldır ki, Azərbaycan gəncləri bu məsələlərlə bağlı, əsasən həmrəydirlər. Bu isə ilk növbədə ondan irəli gəlir ki, dövlətin gənclər siyasəti çox korrekt və məqsədyönlü şəkildə yürüdülür. Bu isə ümumi Azərbaycan mənafeləri və ümumi inkişaf hədəfləri naminə gənclərimizin güclərini və səylərini birləşdirməsinə əlverişli zəmin yaradır. Qeyd edək ki, son dövrlərdə ölkədə gənclərlə bağlı formalaşan qurumların effektiv fəaliyyəti də bu işə öz önəmli töhfəsini verməkdədir.
Bu mövzuda müsahibimiz Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevdir. Fərhad Hacıyev bizimlə söhbətində icraçı direktoru olduğu fondun gənclərin vətənpərvərlik ruhunun, dövlətçilik şüurunun yüksəldilməsi yönündə həyata keçirilən tədbirlər barəsində danışdı.
– Fərhad müəllim, fondun gənclər təşkilatları ilə işi necə təşkil olunub? Fond yalnız gənclər təşkilatları ilə işləyəcək, yoxsa gənclər sahəsi ilə bağlı təkliflər verən təşkilatlarla da əməkdaşlıq nəzərdə tutulub?
– Azərbaycan Gənclər Fondu artıq gənclər təşkilatları və fərdi gənclər ilə sıx əlaqələr qurub, onlar üçün davamlı info-seminarlar keçirərək fonda müraciətetmə qaydaları haqqında məlumat verib. Bunun nəticəsidir ki, 100-dən artıq gənclər təşkilatı və gənclər qeydiyyatdan keçərək layihə təklifləri ilə bizə müraciət etmək imkanını əldə etmişlər. Bizim istəyimiz – gənclər üçün imkanlar yaratmaq, gənclərin layihələrini maddi baxımdan dəstəkləməkdir. Əgər hər hansısa bir təşkilat gənclər təşkilatı deyil, lakin təqdim etdiyi layihə gənclər üçündürsə, gəncləri əhatə edirsə, biz o layihələri də qəbul edəcəyik və Müşahidə Şurasının müzakirəsinə çıxaracağıq.
– Gənclərin vətənpərvərlik məsələləri ilə bağlı maarifləndirilməsi yönündə fondun hansı planları var?
– Fonda müraciət formaları haqqında danışarkən qeyd edim ki, gənclər 5 kateqoriya üzrə müraciət edə bilərlər. Bu baxımdan “A” kateqoriyası yerli layihələrin dəstəklənməsi üçün nəzərdə tutulub. Bu kateqoriya regionlarda gənclərin təşəbbüskarlığına əsaslanan vətənpərvər ruhda fəaliyyətlərin inkişaf etdirilməsi ilə gənclər sahəsində sosial-ictimai fəallığın inkişafına öz dəstəyini verəcək. Bununla yanaşı Azərbaycan Gənclər Fondu regional layihələrə xüsusi diqqət yetirəcək. Eyni zamanda onu da qeyd edim ki, Gənclər Fondu vətənpərvərlik mövzusunda keçiriləcək bir sıra irimiqyaslı tədbirlərin təşkilatçısı qismində də çıxış edəcək.
– Gənclərin dövlətçilik şüurunun yüksəldilməsi ilə bağlı fond tərəfindən nələr düşünülür? Bu yöndə hansı tədbirlərin keçirilməsi aktualdır?
– Bu barədə bildirim ki, fond gənclərdən gələcək təklifləri dəyərləndirməyi üstün tutaraq bu və ya digər mövzu üzrə onlar tərəfindən təqdim ediləcək layihələri maliyyələşdirməyi planlaşdırır. Kommunikativ vasitələr, yeni media və gənclər, liderlik məktəbləri, gənc liderlərin yetişdirilməsi, gənc kadrların peşəkarlığının artırılması və gənclərdə menecment bacarıqlarının inkişafı , ekoloji maarifləndirmə istiqamətində olacaq layihələr məhz gənclər arasında dövlətçilik ruhunun inkişaf etdirilməsini ön planda tutacaq və bununla da fond tərəfindən dəstəklənəcək. Bundan başqa “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində keçiriləcək bir sıra tədbirlərdə də fond iştirak edəcək.
– Gənclərin milli dəyərlərlə bağlı maarifləndirilməsi və qloballaşma prosesində lazımi və məqsədyönlü səviyyədə mənəvi baxımdan hazırlanması ilə bağlı nələri demək olar? Ümumiyyətlə, ölkəmiz üçün bu məsələ nə dərəcədə aktualdır?
– Hər bir ölkə üçün milli-mənəvi dəyərlər önəmlidir. Eləcə də Azərbaycan kimi qədim mədəni irsə malik olan bir ölkədə milli-mənəvi dəyərlərin qorunub saxlanılması çox vacib amildir. Dövlətimiz tərəfindən xüsusi diqqət yetirilən bu məqam hər zaman aktual olub və indi də belədir. Dövlətimizin zəngin tarixə malik özünəməxsus ənənə və dəyərlərinin yaşadılması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bunlar ümumilikdə dövlətin milli ideologiyasını təşkil edir. Yetər ki, onun prinsipial əsaslarını qoruyub saxlamaq, böyüməkdə olan gənc nəslə ötürmək mümkün olsun. Bunun üçün də başlıca olaraq gənclərə milli mənlik şüurunun aşılanmasını intensiv həyata keçirmək lazımdır. Hər bir gənc, vətəndaş onu dərk etməlidir ki, hansı dövləti, milləti, milli xüsusiyyətləri təmsil edir. Bütün bunlar hansı əsaslara söykənir. Milli mənlik şüurunun nə dərəcədə mənimsənilməsi xüsusən də gənclik dövründə çox mühüm şəkildə özünü büruzə verən məsələdir. Buna görə də sözügedən ideya gəncliyə çatdırılmalıdır. Belə bir dövrdə Azərbaycanda da gənclərin necə tərbiyə olunması qarşıda duran mühüm vəzifələrdən biridir. Digər tərəfdən, unutmayaq ki, gənclər aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacaq. Gənclərin milli mənlik şüurunun yüksək səviyyədə inkişaf etdirilməsi ölkənin və dövlətin qarşısında duran prioritet məsələdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət bu gün də öz bəhrəsini verir. Gənclərimiz getdikcə daha çox kökünə, milli dəyərlərinə bağlı şəkildə inkişaf edir.
– Fond gənclər arasında milli dəyərlərin təbliği, zərərli və yad vərdişlərdən yayınmaq məsələləri ilə bağlı hansı işlər görə bilər?
– Azərbaycan Gənclər Fondu olaraq biz milli-mənəvi dəyərlərin təbliği, zərərli vərdişlərdən gəncləri çəkindirmək yolları haqqında bir sıra maarifləndirici tədbirlərin təşkilində iştirak edəcək, gənclərin milli ruhda tərbiyə olunması istiqamətində bir sıra real addımlar atacaq, o cümlədən bu mövzuda gələcək layihə təkliflərinə xüsusi diqqət yetirəcəyik.
– Milli dəyərlərlə bağlı müxtəlif yaradıcı sahələrdə gənclərin fəaliyyəti hansı formada dəstəklənə bilər? Məsələn, ədəbiyyatda, incəsənətdə, elmdə və sair sahələrdə…
– Fondumuza müraciət edərkən gənclər qeydiyyatdan keçdikdən sonra “C” kateqoriyası üzrə yaradıcı fəaliyyətlərinin inkişafına dəstək ala bilərlər. Yaradıcı gənclərin layihələri bu kateqoriya üzrə qəbul olunacaq. Belə ki, xüsusi istedada malik olan gənclər bu kateqoriyadan yararlanaraq bizə müraciət edə və ideyalarını gerçəkləşdirə bilərlər. Sonda istərdim ki, bir daha gənclərimizi aktiv olmağa, yaradılmış fürsətdən lazımınca istifadə etməyə çağırım. Biz gənclər üçün çalışırıq. Sizdən təkliflər gözləyirik.
İlkin Ağayev