[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/12/DSC04586.jpg” ]
Dekabrın 23-də “Ədəbiyyat Şəbəkəsi” layihəsi çərçivəsində Xaçmazda növbəti kitab müzakirəsi keçirilib. Görüşdə məşhur Fransız yazıçı Frederik Beqbederin “Məhəbbət üç il yaşayır” romanı müzakirə olunub. Oxucularda ziddiyyətli fikirlər doğuran, Azərbaycan kitab bazarında öz birinciliyini artıq 2 ildir qoruyan bu kitabın müzakirəsində Xaçmaz, Quba rayonlarının gənc kitabsevərləri iştirak etmişlər. Kitab haqqında həm məzəli, həm əyləncəli, həm də son dərəcə ciddi fikirlər səsləndirilib. Müzakirə RTV-nin “Yeni səhifə” ədəbi verilişinin “Kitab klubu” rubrikasında efirə gedəcək.
Xatırladaq ki, oktyabrın 21-də “Ədəbiyyat Şəbəkəsi” layihəsi Xaçmazda ilk təqdimatını keçirib. Daha sonra Sahilə İbrahimovanın kitabı müzakirə olunub. Layihənin rəhbəri Nigar Köçərli, “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu və layihənin fəal iştirakçıları Xanım Əliyeva, Məlahət Ədilova, İbrahim Əhmədov və digərləri Regional TV-də canlı efirdə yayımlanan “Səhər” verilişində layihə ilə bağlı ətraflı məlumat veriblər.
“Ədəbiyyat Şəbəkəsi” layihəsi Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən layihədir. Layihənin əsas məqsədləri:
1. Bölgələrdə yaşayan gənclərin kitaba həvəsini artırmaq;
2. Kitabı, ədəbiyyatı ictimailəşdirmək və aktuallaşdırmaq;
3. Bölgələrdə yaşayan gənc kitabsevərlər arasında şəbəkələşmə yaratmaqdır.
Bunun üçün layihə çərçivəsində 6 ay ərzində Azərbaycanın 11 bölgəsində kitab müzakirələri təşkil olunacaq, kitabsevərlərə pulsuz kitablar paylanacaq, yazıçıların imza günləri təşkil olunacaq, flashmoblar keçiriləcək.