Azərbaycan Respublikasını Prezidenti yanında Gənclər Fondunun yaradılması haqqında
“Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 542 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 542 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1118; Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 801 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. Fərmanın 2-ci hissəsində “Əsasnaməsi” sözü “Nizamnaməsi” sözü ilə əvəz edilsin;
1.2. həmin Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Əsasnaməsində”:
1.2.1. Əsasnamənin adında “Əsasnaməsi” sözü “Nizamnaməsi” sözü ilə əvəz edilsin;
1.2.2. 1.2-ci, 4.2-ci, 5.23-cü bəndlərdə, 2.2.22-ci, 5.22.2-ci, 6.2.16-cı yarımbəndlərdə ismin müvafiq hallarında “Əsasnamə” sözü ismin müvafiq hallarında “Nizamnamə” sözü ilə əvəz edilsin;
1.2.3. 5.2-ci bəndin birinci cümləsindən “və Fondun icraçı direktorunun aylıq vəzifə maaşını” sözləri çıxarılsın, ikinci cümləsində “və” sözündən əvvəl “, Fondun icraçı direktorunun” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktorunun aylıq vəzifə maaşını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Bakı şəhəri, 7 fevral 2013-cü il
№ 826
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 542 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı “
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 542 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1118) aşağıdakı dəyişikliklər edilsin:
1.1. Fərmanın adında, 1-3-cü hissələrdə və 4.3-cü bənddə “Gənclər və İdman Nazirliyi” sözləri “Prezidenti” sözü ilə əvəz edilsin;
1.2. 3-cü hissədə “10” rəqəmləri “14” rəqəmləri ilə əvəz edilsin;
1.3. həmin Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun Əsasnaməsi”ndə:
1.3.1. Əsasnamənin adında və 1.1-ci bənddə “Gənclər və İdman Nazirliyi” sözləri “Prezidenti” sözü ilə əvəz edilsin;
1.3.2. 1.1-ci bənddə “qurumdur” sözü “qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir” sözləri ilə əvəz edilsin;
1.3.3. 1.2-ci bənddən “, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnaməni” sözləri çıxarılsın;
1.3.4. 5.1-5.7-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“5.1. Fondun icraçı direktorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
5.2. Fondun işçilərinin say həddini və Fondun icraçı direktorunun aylıq vəzifə maaşını Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Fondun xərclər smetasını, ştat cədvəlini və işçilərinin aylıq vəzifə maaşlarını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.3. Fondun fəaliyyətinə ümumi nəzarəti Fondun Müşahidə Şurası (bundan sonra – Şura) həyata keçirir.
5.4. Şura, beş üzvü müvafiq dövlət orqanlarını, dörd üzvü isə gənclər təşkilatlarını təmsil edən doqquz üzvdən ibarət tərkibdə formalaşdırılır.
5.5. Şura üzvlərini Azərbaycan Respublikasının Prezidenti təyin edir.
5.6. Şuranın beş üzvünü aşağıdakı dövlət orqanları (hər dövlət orqanından bir nəfər olmaqla) təqdim edirlər:
5.6.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası;
5.6.2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi;
5.6.3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
5.6.4. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi;
5.6.5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi.
5.7. Şuranın gənclər təşkilatlarını təmsil edən dörd üzvü həmin təşkilatların yığıncağında səslərin sayına görə ilk səkkiz yeri tutmuş namizədlər sırasından təyin edilir.”;
1.3.5. 5.12.10-cu yarımbənddə “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə” sözləri “aidiyyəti üzrə” sözləri ilə əvəz edilsin;
1.3.6. 5.12.11-ci yarımbənddən “və nəticələri barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə məlumat verir” sözləri çıxarılsın;
1.3.7. 5.12.13-cü yarımbənddə “Gənclər və İdman Nazirliyinə” sözləri “Prezidentinə” sözü ilə əvəz edilsin;
1.3.8. 5.22-ci bənddə “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin” sözləri “Şuranın” sözü ilə əvəz edilsin;
1.3.9. 6.2.2-ci yarımbənddə “Fondun” sözündən sonra “strukturunu və” sözləri əlavə edilsin;
1.3.10. 6.2.9-cu yarımbənddə “Gənclər və İdman Nazirliyinə” sözləri “Prezidentinə” sözü ilə əvəz edilsin;
1.3.11. 6.2.11-ci yarımbənddə “ictimai təşkilatların və” sözləri “yerli qeyri-hökumət təşkilatlarının,” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. iki ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. iki ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun xərclər smetasını, ştat cədvəlini və işçilərinin aylıq vəzifə maaşlarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:
3.1. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
3.2. on beş gün müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dövlət qeydiyyatına alınmasını təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2012-ci il.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradılsın.
2. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun işçilərinin say həddi 10 ştat vahidi müəyyən edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;
4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr 2011-ci il.