Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərində icra edilən “Aprel döyüşləri – Vətənimin tarixi uğuru” layihəsinə yekun vurulub. Layihə Gənclər Fondunun elan etdiyi X qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriyası üzrə qalib gəlmiş Leyla Vəliyeva tərəfindən icra edilmişdir. Layihənin əsas məqsədi yeniyetmələrdə vətənpərvərlik hisslərinin gücləndirilməsi idi.
“Aprel döyüşləri – Vətənimin tarixi uğuru” layihəsi çərçivəsində fevralın 22-də Binəqədi rayonundakı 244 nömrəli tam orta məktəbin şagirdləri arasında inşa müsabiqəsi keçirilmişdir. Bununla əlaqədar təşkil edilmiş tədbirdə çıxış üçün ilk olaraq sözügedən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Süleymanova sözə başlamış, o, bu layihəni Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən şanlı tarixi səhifələrimizdən olan Aprel döyüşləri zamanı şəhid olmuş igidlərimizin əziz xatirəsinə göstərilən böyük hörmət əlaməti kimi dəyərləndirmiş, rəşadətli ordumuzun torpaqlarımızı cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edəcəyinə əmin olduğunu bildirmişdir. Daha sonra Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılması uğrunda canını fəda etmiş həmvətənlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir. Bir dəqiqəlik sükutdan sonra layihə rəhbəri Leyla Vəliyeva nitq söyləmiş, o, öz çıxışında məlum Aprel döyüşləri zamanı mərd oğullarımızın göstərdiyi böyük qəhrəmanlıq və şücaətdən, Cocuq Mərcanlı kəndinin əsarətdən qurtuluşundan və həmin əzəli yurda qayıdışdan bəhs etmiş, şagirdlərə müsabiqədə uğurlar arzulamışdır. Leyla Vəliyevanın çıxışının ardınca şagirdlər arasında inşa müsabiqəsinə start verilmişdir.
Fevralın 23-də 244 nömrəli tam orta məktəbdə bir gün öncə təşkil edilmiş inşa müsabiqəsinin nəticələrinin qiymətləndirilməsinə həsr olunan tədbir keçirilmişdir. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini və layihə rəhbəri çıxış etdikdən sonra inşa yazılarının qalibləri müvafiq olaraq diplom və hədiyyələrlə, qalan bütün iştirakçılar isə sertifikatlarla mükafatlandırılmışdır. Bildirək ki, şagirdlərdən Leyla Əliyeva 1-ci, Ləman Rəhimli 2-ci, Aytac Səlimova isə 3-cü yerə layiq görülmüşdür. Nəhayət, bununla da vətənpərvərliyin təbliği istiqamətində 57 nəfər şagirdin qatıldığı daha bir layihəyə yekun vurulmuşdur.