Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi xaricdə yaşayan gənc diaspor nümayəndələri üçün Diaspor Gənclərinin I Yay Düşərgəsində iştirakla bağlı müraciətlərin qeydiyyatı başladı.
22-28 avqust 2018-ci il tarixində Şəki şəhərində təşkil ediləcək düşərgənin məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illiyi münasibəti ilə dünyada yaşayan Azərbaycan əsilli gəncləri bir araya gətirərək diaspor hərakatını gücləndirməkdir.İştirakçı seçimi meyarları:
- 18-29 yaş qrupunda olmalı;
- Azərbaycan dilində ünsiyyət bacarığı;
- Diaspor nümayəndəsi və ya diaspor təşkilatının üzvü olmalı;
- Düşərgə müddətində tam davamiyyətə məsul olmalıdır.
İş qaydası: Düşərgədə qrup müzakirələri, Azərbaycanın tarixi və mədəni yerlərinə ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, əyləncəli-maarifləndirici proqramlar keçiriləcək. Düşərgədə tam iştirak edən iştirakçılar diplomla təltif olunacaqlar. Xərclər: Diaspor Gənclərinin I Yay Düşərgəsi ödənişsizdir. İştirakçıların bütün xərcləri (yol xərcləri, viza, yaşayış, yemək, daxili nəqliyyat, səyahət sığortası) tam şəkildə qarşılanacaq.
Müraciət prosesi: Aşağıda göstərilmiş bütün sənədlər 30 iyun, 2018-ci ilə qədər http://www.diaspora.gov.az/qeydiyyat/ link vasitəsi ilə elektron şəkildə təqdim olunmalıdır.
- Ərizə forması
- Dəstək məktubu (Üzvü olduğu diaspor təşkilatı, Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditasiya olunmuş nümayəndəliyi (səfirlik/konsulluq) və bu və ya digər formada
- Azərbaycan Respublikası ilə hüquqi bağlılığı olan təşkilatlardan)
- Pasportun surəti
Diaspor Gənclərinin I Yay Düşərgəsinə seçilən namizədlərlə 15 iyul 2018-ci il tarixinə qədər əlaqə saxlanılacaq və video görüntülü müsahibəyə dəvət ediləcək.