04.03.2018-ci il tarixində Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı qəsəbəsində yerləşən şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Elşad Haqverdiyev tərəfindən icra olunan “Böyük Qayıdış” kuboku layihəsinin final tədbiri baş tutmuşdur.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elşad Haqverdiyev iştirakçılara Gənclər Fondu, layihə və müvafiq dövlət siyasəti haqqında geniş məlumat vermişdir. Tədbirdə iştirak edən Füzuli rayonu Təhsil Şöbəsinin müdir müavini Rafiq Səmədov, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, Beyləqan rayonu 1-ci Aşıqlı kənd tam orta məktəbinin direktoru bu cür tədbirlərin gənclərə verdiyi töhvə və intellektual oyunların əhəmiyyətindən söhbət açmışlar. Final turnirində 4 rayonun – Beyləqan, Füzuli, Xocavənd və Cəbrayıl rayonunun ümumilikdə 8 komandası “Xəmsə” İntellektual Oyun növü üzrə biliklərini nümayiş etdiriblər. Qarabağımızı, Azərbaycanımızı əhatə edən suallardan ibarət turnir gərgin mübarizə şəaritində davam etmişdir. Sonda Beyləqan rayonunun “Mil” komandası, Füzuli rayonunun “Bozqurd” komandası, Beyləqan rayonunun “Leon” komandası müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerin sahibi olmuşdur.
Qaliblər kuboklar, medallar və diplomlarla təltif edilmişdir. Tədbir Cocuq Mərcanlı qəsəbəsinin gəzintisi ilə başa çatmışdır.