2 fevral 2019-cu il tarixində Azərbaycan Gəncləri Günü münasibəti ilə “Bakı Gənclər Mərkəzi”ndə Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə “Fəal Gənclər Təşkilatlarının mükafatlandırılması” mərasimi baş tutmuşdur.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Seymur Hüseynov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova, gənclər təşkilatlarının rəhbər və nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova ilk öncə, 2 Fevral Gənclər Günü münasibəti ilə bütün Azərbaycan gənclərini təbrik edərək ölkə rəhbərliyinin hər zaman gənclərə diqqət və qayğı ilə yanaşdığını, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin rolundan, idmanın və gənclər siyasətinin Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirmiş, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəallığının artırılması işində böyük rol oynadığını qeyd etmişdir.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Seymur Hüseynov bütün gəncləri Gənclər Günü münasibətilə təbrik edərək, Azərbaycanın 20 ildən uzun müddətdir ki, bu günü bayram kimi qeyd etməsinin çox sevindirici hal olduğunu qeyd etmişdir.
Tədbirdə Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova çıxış edərək gənclərə öz təbriklərini çatdırmışdır.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Yerli layihələr üzrə katibi Azər Əliyev çıxış edərək, NAYORA-nın “Azərbaycan Gəncliyinin 100 Siması” kampaniyası haqqında qısa məlumat vermişdir. O, bildirmişdir ki, kampaniya NAYORA-nın 2019-cu il üçün planlaşdırdığı 3 yerli proqramdan biri olan “Gənclər təşkilatlarının iştirakçılığı və inküzlivlik” proqramı çərçivəsində fəaliyyət göstərəcək. Azər Əliyev kampaniyanın kriteriyaları, məqsədləri, istiqamətləri barədə də məlumat verərək çıxışını yekunlaşdırmışdır.
Bundan əlavə tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən hazırlanan “Gənclər təşkilatların 2018-ci il fəaliyyətinin videoçarxı” da təqdim olunmuşdur. Videoçarxda quruma üzv olan gənclər təşkilatlarının ötən il üzrə fəaliyyəti əks olunmuşdur.
Tədbirdə həmçinin 10 gənclər təşkilatı müxtəlif nominasiyalar üzrə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən mükafatlandırılmışdır.
Mükafatların təqdimatında Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov iştirak etmiş və mükafatları təşkilat rəhbərlərinə təqdim etmişdir.
Son olaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Əlaqələr üzrə katibi Aydın Mehdiyev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən Azərbaycan gənclərinin beynəlxalq təmsilçilik proqramı olan “Gənc Elçilər” proqramının yekun hesabatını təqdim etmişdir. Aydın Mehdiyev, Proqramın əsas məqsədindən bəhs edərək, qeyd etmişdir ki, Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək “Gənc Elçilərin” yetişdirilməsi, gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi və gənclər təşkilatlarının beynəlxalq əlaqələr sahəsində potensialının artırılması böyük əhəmiyyət kəsb edir. Tədbir Gənc Elçilərin mükafatlandırma mərasimi ilə yekunlaşmışdır.