Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə “Regionlarda ictimai iaşə obyektlərində xidmət keyfiyyətinin yüksəldilməsi” layihəsi çərçivəsində Lənkəran şəhərində təlim keçirilmişdir.
Təlim məşğələlərində Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarının 20-dən çox restoran inzibatçısı iştirak etmişdir.
İki gün davam edən təlimin məqsədi regionlarda mövcud ictimai iaşə obyektlərində xidmətin səviyyəsini yüksəltmək, bu obyektlərdə xidmət personalının bilik və təcrübələrini artırmaq, iaşə obyektlərində çalışanlara beynəlxalq təcrübəyə uyğun infrastruktur və sanitar-gigiyenik tələblərə dair metodiki kömək göstərmək, regionlarda turizmin inkişafına dəstək verməkdir.
Beynəlxalq sertifikatlı təlimçi Emin Novruzovun apardığı təlimdə iştirakçılara ictimai iaşə obyektlərində xidmətin təşkili, xidmət standartları və etiketləri, müştərilərlə davranış qaydaları, masa düzülüşü, gigiyena və sanitariya qaydaları, geyim tərzi, xarici görünüşə olan tələblər və digər mövzularda məlumatlar verilmiş, onlara qazandıqları bilikləri əyani nümayiş etdirmək imkanı yaradılmışdır.
Daha sonra tədbir iştirakçılarına mövzu ilə bağlı maarifləndirici materiallar paylanılmışdır.
Qeyd edək ki, layihə Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilmişdir. Bu çərçivədə təlimlər daha öncə Şəki və Qubada təşkil edilmişdir.