29 mart 2019-cu il tarixində Sumqayıt Dövlət Universitetində ”Bir könüllüdən min könüllüyə” adlı layihənin 10-cu seminarı və bağlanış tədbiri keçirilib. Layihənin məqsədi ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan gənclər arasında könüllülük fəaliyyətinin təbliği və təşviqi, sosial xidmətlər sahəsində könüllü müraciətlərinin sayını və onların bu sahəyə marağını artırmaqdır.
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, ASAN Könüllülük Məktəbinin və ASAN Könüllüləri Təşkilatının təşkilatçılığı, ASAN Radionun informasiya dəstəyi ilə 5 dekabr 2018-ci il tarixdən start götürmüş və ümumilikdə 10 ali və orta ixtisas müəssisəsində təhsil alan 700-ə yaxın tələbəni əhatə edib.
Qeyd edək ki, tədbir 2 hissədən ibarət olub. Birinci hissədə layihə rəhbəri Nərmin Cahangirova layihə barədə tələbələrə ətraflı məlumat verib, daha sonra layihə spikeri- ASAN könüllüsü və hal – hazırda ASAN xidmət mərkəzində fəaliyyət göstərən Abdulla Tağıyev könüllülüklə başlayan uğur hekayəsini tələbələrlə bölüşmüşdür.
2-ci hissədə təlimçi Rəşad Məmmədov tələbələrə “Beynəlxalq Könüllülük proqramları və Azərbaycanda könüllülük hərəkatı” mövzusunda təlim keçib və tələbələri maraqlandıran sualları cavablandırıb
Sonda layihənin təşkilində fəallıq göstərən tələbələrə və layihə könüllülərinə sertifikatlar təqdim edilib.