30 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində həyata keçirilən “Gənclər üçün Mühasibatlıq üzrə II Olimpiadanın təşkili” adlı layihənin Bakı Konqres Mərkəzində final mərhələsi keçirilib.
Layihənin əsas məqsədi gənclərin mühasibatlığın öyrədilməsində analitik düşüncə tərzini yüksəltmək, bacarıqlı və istedadlı tələbələrə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etməkdir.
Qeyd edək ki, layihə çərçivəsində final mərhələsindən öncə universitetlər üzrə seçim turları keçirilib və nəticələrə əsasən müvafiq keçid balını toplayan tələbələr olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Olimpiada ümumilikdə 11 universitetin 400-dən çox tələbəsini əhatə edib, final mərhələsində isə 45 nəfər tələbə iştirak edib. Beləliklə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən hazırlanan Mühasibat Uçotu üzrə suallara əsasən keçirilən olimpadada 1-ci, 2-ci və 3-cü yerlərə Bakı Mühəndislik Universitetinin tələbələri layiq görülərək, diplom və hədiyyələr əldə ediblər. Digər iştirakçılara sertifikatlar və həvəsləndirici hədiyyələr təqdim olunub. Həmçinin iştirakçıların gələcəkdə iş yerləri ilə təmin olunmağı nəzərdə tutulub.