24-31 mart 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Avropa Hüquqşünas Tələbələri Assosiasiyasının 75-ci Beynəlxalq Şura Toplantısı baş tutub. Keçirilən toplantıda rəsmi qonaqlar və çıxışçılar qismində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparat rəhbəri Fərhad Nəcəfov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin aparat rəhbəri Azad Cəfərov iştirak ediblər.
Səfər ərzində Avropanın 40 ölkəsindən 330 gənc hüquqşünas tələbələr müxtəlif mədəni və sosial proqramlarda, habelə görüşlərdə iştirak ediblər. Onlar xüsusilə, Heydər Əliyev Mərkəzinə səfər etməklə Azərbaycanın tarixi ilə bağlı məlumat əldə edib, həmçinin Ulu Öndər Heydər Əliyevin ölkəmizdə gördüyü quruculuq işləri barəsində məlumatlandırılıblar. Həmçinin tədbirlər çərçivəsində iştirakçılar Beynəlxalq Muğam Mərkəzində milli muğam irsimiz haqqında ətraflı məlumat alıb və xanəndələrin ifasında muğam konsertində iştirak ediblər.
Tədbir zamanı ELSA Hüquqşunaslar Şəbəkəsi ilə də bir sıra görüşlər baş tutub. Belə ki, avropalı hüquqşünaslar Ali Məhkəməyə səfər edərək orqanın inzibati binası ilə tanış olub, həmçinin Azərbaycanın konstitusiya quruluşu, məhkəmə sistemi barəsində məlumat əldə ediblər.
Həmçinin hüquqşünaslar Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyinə səfər edib, bu zaman onlar kənd təsərüfatı naziri İnam Kərimov tərəfindən qəbul olunub və bir sıra mövzularda üzrə müzakirələr aparıblar.