11 aprel 2019-cu il tarixində növbəti iclasına toplaşan Milli Məclisin Gənclər və idman komitəsində öncə bu tarixin ölkəmiz üçün əlamətdar gün olduğu vurğulanıb. Komitə sədri Ülvi Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin prezident seçkilərindən ötən 1 ildə gördüyü işlərdən, yürütdüyü gənclər və idman siyasətindən söz açıb, komitə üzvləri adından dövlətimizin başçısına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra “Azərbaycan Respublikasının Gənclər Fondunun 2018-ci il ərzindəki fəaliyyəti haqqında hesabat” dinlənilib. Müşayiət olunan hesabatı təqdim edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bu qurumun yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verib. F.Cəfərov bildirib ki, ötən il Fondun Müşahidə Şurasının 5 iclası keçirilib. Bir sıra bölgələrdə və şəhərlərdə XI qrant müsabiqəsinin maarifləndirmə görüşləri təşkil olunub. Müsabiqəyə 1095 layihə təqdim edilib, onlardan 370-i dəstəklənib. Həmin layihələrin icrasına 1 milyon 330 min 300 manat vəsait ayrılıb. Bakıda və Naxçıvanda müsabiqənin geniş təqdimatı keçirilib.
Fərid Cəfərov qeyd edib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan tələbə gənclər arasından təhsil və dərsə davamiyyət göstəriciləri yüksək olan 237 tələbənin təhsil haqqı borcu Fond tərəfindən ödənilib. Gənclərin vətənpərvərlik tərbiyəsi, inkişafı diqqət mərkəzində olub. Hesabat dövründə beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri genişləndirilib, maarifləndirici səfərlər təşkil olunub. Gənclər Fondunun xətti ilə 20 nəfər gənc 2 həftə müddətində Avropa İttifaqı təşkilatlarında, Avropa Parlamenti və Belçika Krallığının Xarici İşlər Nazirliyində, AŞPA-nın sessiyalarında təcrübə keçiblər. Deputatların diqqətinə çatdırılıb ki, daha səmərəli fəaliyyət göstərmək məqsədilə bu il “Gənclərin Karyera və İnkişaf Mərkəzi”nin açılışı baş tutub, Gənc.Az portalının yaradılması nəzərdə tutulur.
İclasda çıxış edən deputatlar Əli Hüseynli, Azər Badamov, Elşən Musayev, Sevinc Hüseynova, Mahir Abbaszadə, Cavid Osmanov Gənclər Fondunun 2018-ci ildə gördüyü işləri və bu il həyata keçirəcəyi tədbirləri yüksək dəyərləndiriblər, tövsiyələrini bildiriblər.
Milli Məclisdə təcrübə keçən tələbə gənclər komitənin iclasında çıxış edərək təkliflərini və arzularını Gənclər Fondu rəhbərliyinin və millət vəkillərinin diqqətinə çatdırıblar.