18 May 2019-cu il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə ADA Universitetində keçirilmiş “Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə” konfransı keçirilib. Layihə BMT tərəfindən elan olunan 17 Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) əsas tutaraq, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilmişdir. Konfransın məqsədi gənclər təşkilatlarının nümayəndələrinin Dayanıqlı İnkişaf Məqsədləri haqqında bilik və bacarıqlarının artırılması, gənclər təşkilatlarının gələcək fəaliyyətinin planlanmasında DİM-lərin təbliğ edilməsi, həyata keçirilmiş sorğu nəticələrinin Dayanıqlı İnkişaf Gündəliyi ilə işləyən dövlət qurumları, şirkətlər, BMT agentlikləri və gənclər təşkilatları nümayəndələri qarşısında təqdimatı və gələcək fəaliyyətlərdə keçirilmiş sorğu nəticələrinə əsaslanan layihələrin icra edilməsi ilə gənclərimizin dayanıqlı inkişafına töfhə vermək və onlara dəstək olmaqdır.
Tədbirin açılış nitqini səsləndirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova konfransın ümumi həştəqi olan #heçkəskənardaqalmasın prinsipini rəhbər tutaraq, daha yaxşı gələcək üçün yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər etməyin vacibliyini, cəmiyyətimizin bu problemlər qarşısında həmrəylik nümayiş etdirməsinin önəmliliyini qeyd etmişdir. Qurumun sədri, əlavə olaraq konfransda nəyinki Bakıda fəaliyyət göstərən gənclər təşkilatlarının və gənclər evlərinin, həmçinin ölkəmizin cənubundan şimalına, şərqindən qərbinə kimi olan regionlarından müxtəlif gənclər təşkilatlarında, gənclər evlərində fəaliyyət göstərən aktiv və təşəbbüskar gənclərimiz də iştirak etdiyini qeyd etmişdir.
Konfransın rəsmi çıxışlar hissəsində Azərbaycan Respublikasının Baş nazirinin müavini və Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsi Alessandro Fracassetti, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faik Məmmədov çıxış etmişlər. Birinci hissənin sonunda qonaqlar konfrans təşkilatçılarına və iştirakçılara uğurlar arzulamış və Dayanıqlı İnkişaf Məqsədlərinin ölkəmizdə və dünyada inklüziv, dayanıqlı və möhkəm əsaslı gələcək qurmaq üçün birgə razılaşdırılmış səylər göstərməyə səslədiyini bildirmişlər.
Konfrans 3 moduldan ibarət olub, 1 gün – 09:00-dan 18:00-a qədər davam etmişdir. Birinci hissədə DİM-lər haqqında iştirakçıların məlumatlılıq səviyyəsinin artırılması və 9000 gənc arasında keçirilmiş sorğu nəticələrinin təqdimatına həsr olunmuş və “Yaxşı Səhiyyə və Rifah”, “Keyfiyyətli Təhsil”, “Layiqli Əmək və İqtisadi Artım” məqsədləri əhatə edilib. İkinci hissədə Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda gənclər təşkilatlarının fəaliyyət planlaması, üçüncü hissədə isə təlimlər və spikerlərin çıxışı həyata keçirildi. Eyni zamanda, 4 mövzuda vorkşoplar təşkil olunmuşdur.
Konfransda “keynote speaker”lər qismində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı Dayanıqlı İnkişaf Məqsədlərindən “Yaxşı Səhiyyə və Rifah”, ADA Universitetinin prorektoru professor Fariz İsmayılzadə “Keyfiyyətli Təhsil” və Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə BP-nin Əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli “Layiqli əmək və iqtisadi artım” məqsədləri üzrə çıxış ediblər.
Təlimçilər qismində isə, “Düşüncəni dizaynlaşdır” mövzusunda WoWoman platformasının təsisçisi Zərəngiz Hüseynova, “Dayanıqlı İnkişaf Məqsədlərinin rəqəmsal təbliği” mövzusunda Rəşad Hüseynov, “Gənclər Təşkilatlarının gündəlik fəaliyyətində dayanıqlılığın təbliği” mövzusunda İqlim dəyişikliyi və dayanıqlı inkişaf xidmətlərinin Azərbaycan və Gürcüstan üzrə rəhbəri Günel Fərəcova, “Gənclər Təşkilatlarının fəaliyyətində düzgün Dayanıqlı İnkişaf Məqsədləri hədəflərinin seçilməsi” mövzusunda Holcim Azərbaycan ASC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Rəna Tahirova çıxış ediblər.
Layihənin tərəfdaşları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, ADA Universiteti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyidir.
Qeyd edək ki, regiondan gələn iştirakçıların yaşayış, qidalanma və nəqliyyat xərcləri təşkilatçı tərəfindən təmin edilmişdir.
Nəzərinizə çatdıraq ki, layihənin davamlılığının təmin edilməsi məqsədi ilə təşkil olunacaq təlimlər Balakən, Gəncə, Mingəçevir, Şəmkir və Şirvanda fəaliyyət göstərən Gənclər Evlərində həyata keçiriləcək. Təlimlər hər regiondan onlayn ərizə əsasında seçiləcək və 20 gənclər təşkilatı nümayəndəsinin iştirakı ilə reallaşacaq.
.