18 May 2019-cu il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə ADA Universitetində 100-dən çox gəncin iştirakı ilə həyata keçirilmiş “Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə” konfransının davamlılığının təmin edilməsi məqsədi ilə 30 May Şirvan Gənclər Evində, 31 May Mingəçevir Gənclər Evində, 1 İyun Gəncə Gənclər Evi və Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzində, 2 İyun tarixində isə Balakən Gənclər Evində təlim görüşləri baş tutub.
Təlimlər “International Youth Society” təşkilatının ölkə üzrə direktoru Məhbubə Musayeva və ADA Universitetinin əcnəbi tələbələrlə iş üzrə mütəxəssisi Milana İbrahimova tərəfindən regionlarda fəaliyyət göstərən Gənclər Evlərində müvafiq olaraq müxtəlif gənclər təşkilatlarının üzvü olan və aktiv fəaliyyət göstərən 25 gəncin iştirakı ilə keçirilmişdir.
Təlimlərdə ümumi olaraq Məhbubə Musayeva və Milana İbrahimova Mart ayının əvvəlində NAYORA tərəfindən 9000-dən çox gənc arasında keçirilmiş DİM üzrə sorğunun nəticələrini elan etmiş, daha sonra isə iştirakçılar qruplarda iş şəklində Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyət planlaması aparmışlar.
DİM-lərin icrası zamanı 17 məqsədə nail olmaq üçün milli çərçivələr yaratmaq, əldə olunan irəliləyişləri izləmək və təhlil etmək, bunun üçün keyfiyyətli və əlçatan məlumatların vaxtında toplanması, DİM-lərin icrasının regional səviyyədə izlənməsi və təhlili metodları barədə geniş məlumat vermişlər.
Eyni zamanda, təlimçilər təlimlər zamanı layihələrin təşkilində qrup işinin təşkili, layihə təhlili zamanı qarşıya çıxan çətinliklər və onlardan çıxış yolları, layihə idarəetmə prosesi və əsasları, görüləcək işlərin strukturu, vaxtın planlaşdırılması və metodları, büdcənin planlaşdırılması, planın reallığa uyğunlaşdırılması və digər mövzularda ətraflı məlumat veriblər.