18 iyun 2019-cu ildə Bakı Gənclər Mərkəzində “Vətənpərvər Azərbaycan Gəncliyi” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi tarixi kökləri və nəzəri əsasları baxımından Azərbaycanın tolerantlıq modelinin bu gün bütün dünyaya nümunə ola biləcəyini, habelə Azərbaycan gənclərinin vətən məfhumu ilə yoğrulmuş bu bəşəri dəyəri qorumasının vacibliyini qeyd edib. Daha sonra çıxış edən Şuşa rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Vüsalə Fətullayeva bildirib ki, gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi diqqət mərkəzindədir. Veteran döyüşçü, Milli Qəhrəman Albert Aqarunovun komandiri olmuş Hacı Əzimov gənclərimizin vətənpərvərlik ruhunda yetişdirilməsində gənclərə vətən yolunda canından keçmiş igidlərin həyat yolundan danışmağın, gənc nəsli bu haqda məlumatlandırmağın vacibliyini vurğulayıb. Tədbirin sonunda Milli Qəhrəman Albert Aqarunovun həyat yoluna həsr olunmuş film izlənilib.
.