“Gənclərimizin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyə olunması günümüzün vacib məsələlərindəndir. Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və azərbaycançılıq ideologiyasının əsas elementlərindəndir.” Bu fikirlər iyunun 25-də Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə Quba şəhərində keçirilən “Vətənpərvər Azərbaycan Gəncliyi” adlı tədbirdə səsləndirilib.
Tədbirin əvvəlində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunova həsr olunmuş film nümayiş etdirilib.
Azərbaycan Respublikasının Gənclər Fondunun “Gənclərlə iş” şöbəsinin müdiri Orxan Ərəbov çıxışında bildirib ki, hazırda ölkəmizdə sosial həyatın bütün sferalarında gənclər üstünlük təşkil edir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin təhsil və tərbiyəsinə diqqət və qayğının nəticəsidir ki, hazırda gənc nəsildə yüksək vətənpərvərlik ruhu formalaşıb.
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Azərbaycanda yaşayan bütün xalqların eyni hüquqa malik olduqlarını bildirib. Qeyd edib ki, dinindən, dilindən asılı olmayaraq hər kəs Azərbaycan Respublikasının tamhüquqlu vətəndaşıdır. Digər xalqlar kimi, yəhudilər də əsrlərdir Azərbaycan xalqı ilə birgə mehribanlıq şəraitində yaşayırlar. Ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələri üçün lazımi şərait yaradılıb.
“Veteran Tankçılar” İctimai Birliyinin sədri Hacı Əzimov çıxışı zamanı torpaqlarımızın müdafiəsi yolunda canından keçmiş Albert kimi oğulların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını söyləyib. Qarabağ, Şuşa uğrunda döyüşlərdə şəhid olmuş Albert Aqarunovun qısa, lakin şərəfli ömür yolunun gənc nəslə örnək olduğu bildirilib.
Daha sonra gəncləri maraqlandıran suallar cavablandırılıb, onların ideya və təklifləri dinlənilib.