İyulun 1-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə Gəncə şəhərində “Ümumdünya Qaçqınlar Günü”nə həsr olunmuş “Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı sonuncu festival keçirilib.
Festivalda məqsəd qaçqın və məcburi köçkün ailələrdən olan gənclərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların ictimai fəallığını artırmaqdır.
Festivalın açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi tədbirdə geniş təqdimatla çıxış edib. Məcburi köçkünlərə Fondunun fəaliyyət istiqamətləri, gənclər üçün yaradılan imkanlar və onların faydalana biləcəyi proqramlar haqqında ətraflı məlumat verib. Tədbirdə, həmçinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Kəlbəcər rayon gənclər və idman idarəsinin müdiri Musa Məmmədov iştirak ediblər.
Festival Gəncədə məskunlaşan yeniyetmələr və gənclər arasında müxtəlif intellektual oyunların, əyləncəli yarışların keçirilməsi ilə yekunlaşıb.