03.02.2020-ci il tarixində Abşeron rayonunda Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Gəncliyin uğur üçbucağı: Sağlam ol, yaxşı təhsil al, doğru peşə seç” adlı layihənin növbəti tədbiri Abşeron rayonunda həyata keçirilib. Layihənin məqsədi cəmiyyətin tələblərinə uyğun olaraq gənclərin sağlam olması, yaxşı təhsil almaları və səriştə əsaslı peşə və ixtisas seçimində onlara dəstək olmaq, əmək bazarının tələbinə uyğun peşələr və ixtisaslar üzrə mütəxəssis hazırlığının təmin edilməsinə diqqəti artırmaq, bu sahənin inkişafına töhfə verməkdir.
Layihənin rəhbəri Rayaxanım Ağazadə təlimlərdə çıxış edərək bildirib ki, davamlı inkişaf baxımından gənclərin gələcəyə yönəlik doğru qərar vermələrinin əhəmiyyəti təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi əhəmiyyət daşıyır. Ölkələrarası rəqabət güclənməkdə, ali təhsillə əmək bazarı arasında ciddi dəyişikliklər baş verməkdədir. Reallıqları nəzərə alaraq, qeyd etmək lazımdır ki, bundan sonra ancaq innovativ, inklüziv, bilik üzərində qurulan strategiyalar uğur əldə etmək imkanına malikdir. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü “qara qızıl”ın “insan qızılı”na çevrilməsi konsepsiyası məhz problemin əhəmiyyətini aydın şəkildə izah edir. Azərbaycanın müəyyən etdiyi inkişaf strategiyası məhz bu istiqamətdədir–deyə R.Ağazadə vurğulayıb.
Təlimdə Dövlət İdarəçilik Akademiyasının Xarici dillər kafedrasının müdiri, dosent Yusif Ağayev, İnformasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssis Atiq Əliyev, “AQRO” Konsultasiya Mərkəzinin rəhbəri Cavidan Ağazadə, Abşeron rayonu İcra Hakimiyyətinin əməkdaşı Hafiz Mikayılov, könüllü gənclər Rəhiməxanım Mürşüdlü, Aqil Həsənov, Nərmin Ağazadə və digərləri çıxış edərək cəmiyyət həyatı üçün gənclərinin verdikləri qərarların əhəmiyyətindən, gənclərin sağlam olmaları, yüksək təhsil göstəricilərinə malik olmaları və doğru peşə seçmələrinin əhəmiyyətini qeyd ediblər.
Çıxışçılar gənclərin sağlam olmaları, yaxşı təhsil almaları, doğru peşə seçmələrinin əhəmiyyəti və inkişafı konsepsiyasının önəmini, onun təşviqinin vacibliyini vurğulayıblar. Bildirilib ki, hər bir gənc öz bacarığını kəşf etməli, inkişaf etdirməli və sahəsi üzrə peşəkar mütəxəssis olaraq özünü formalaşdırmalıdır. Düzgün peşə seçimi və sevdiyi işlə məşğul olmaq insanın zövqlü və rahat yaşayışının təminatı olmaqla bərabər, eyni zamanda, cəmiyyətdə məşğulluq probleminin həll edilməsi baxımından vacibdir. Sonda Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gəncliyin uğur üçbucağı: Sağlam ol, yaxşı təhsil al, doğru peşə seç” adlı təlimdə iştirakçıların sualları cavablandırılıb.