20-22 dekabr 2019-cu il tarixində Şamaxıda Vergilər Nazirliyinin Təlim Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə ARGTMŞ-ya üzv olan və üzv olmayan gənclər təşkilatlarının, gənclər evlərinin iştirakı əsasında “Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması” konfransı baş tutub.
20 dekabr 2019-cu il tarixində konfransın açılış mərasimi keçirilib. Açılışda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova tədbir iştirakçılarını salamlayaraq hər birinə uğurlar arzu edib, gənclər təşkilatları arasında şəbəkənin genişləndirilməsi, təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın, əlaqə şəbəkəsinin inkişaf etdirilməsinin önəmi haqqında danışıb. Daha sonra NAYORA-nın layihələr üzrə katibi Azər Əliyev çıxış edərək 20-22 dekabr 2019-cu il tarixində keçiriləcək olan tədbir planını iştirakçıların nəzərinə çatdırıb.
İkinci hissədə “Holcim Azərbaycan” ASC-nin İctimaiyyətlə Əlaqələr üzrə Meneceri Rəna Tahirova “Strategiya nədir?” və BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan üzrə təmsilçisi Rəşad Hüseynov “Dayanıqlı İnkişaf Məqsədləri” haqqında danışıblar.
21 dekabr 2019-cu il tarixində konfransın 2-ci günündə “GIZ Azərbaycan”-nın Məsləhətçisi İlkin Əliyevin “Nəticəyə yönəlik layihələrin dizayn olunması” təlimi ilə, konfransın ikinci hissəsində Şamaxı Rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə panel müzakirələrdə çıxış ediblər.
“Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti”-nin sədr müavini Nadir Adilovun “İdarəetmədə planlamanın rolu” və “Dünya Skaut Hərəkatı Təşkilatı”-nın Komitə üzvü İlyas İsmayıllının “Layihələrin yazılması” haqqında təlimi baş tutub.
22 dekabr 2019-cu il tarixində “Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması” konfransının son günü uğurla başa çatıb.
“Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması” konfransının sonuncu günündə 3 mövzudan ibarət vörkşoplar təşkil olunub. Vörkşoplarda “The Greater Middle East” layihəsinin və Hajizade Group şirkətinin təsisçisi və rəhbəri Əli Hacızadə “PR və SMM” mövzusunda, Bakı Hesabat Mərkəzinin direktoru, Milli Mühasiblər Forumunun Təşkilat Komitəsinin sədr müavini Mehdi Babayev “Maliyyə savadlılığı” mövzusunda, Azərsun Holdinqin Təlimləndirmə və İnkişaf şöbəsinin rəhbəri Elçin Əzimli “Liderlik və Emosional Zəka” mövzusunda təlimlər keçiblər. Sonda gənclər təşkilatlarının və gənclər evlərinin nümayəndələri tərəfindən 2020-ci il üçün fəaliyyət planı hazırlanıb.