
Bu il “Gənclərlə, gənclər üçün” devizi altında regionlarda yaşayan gənclərə fürsətlər qazandırmaq üçün yola düşən “Səyyar Gənclər Xidməti” layihəsi 12-16 oktyabr tarixlərində Ucar gəncləri üçün fəaliyyət göstərib.
Səyyar Gənclər Xidmətinin başlıca məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı imkan və xidmətlərin, o cümlədən məşğulluq, təhsil, rəqəmsal texnologiyalar, innovasiyalar və digər sahələr ilə bağlı yeniliklərin region gəncləri üçün əlçatanlığının daha da artırılmasıdır.
Layihənin Ucarda baş tutan açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin yad edilməsi ilə başlayıb. Rəsmi hissədə çıxış edən Ucar Rayon İcra Hakimiyyətinin başçısının müavini, ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev sağlam düşüncəli və intellektual gənc nəslin yetişməsi üçün onların hərtərəfli inkişafının ən əsas amillərdən olduğunu vurğulayıb, bu istiqamətdə layihənin gənclər şəxsi və peşəkar inkişafı üçün əhəmiyyətindən bəhs ediblər.
Səyyar Gənclər Xidmətinin Ucarda həyata keçirilən beş günlük zəngin proqramı çərçivəsində gənclər “Vətənpərvərlik”, “Təhsil və karyera”, “Rəqəmsal düşüncə”, “Fiziki aktivlik və sağlamlıq”, “Yaradıcı gənclik” və “Əyləncə” zonalarında təşkil olunan vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda fəal iştirak edərək həm yeni biliklər əldə edib, həm də praktiki bacarıqlarını inkişaf etdiriblər.
Eyni zamanda həftəboyu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən mütəmadi olaraq maarifləndirici sessiyalar təşkil edilib. Peşəkar mütəxəssislərin təqdimatında keçirilən təlimlər zamanı isə iştirakçılar ixtisas seçimi, karyera planlaşdırılması, şəxsi inkişaf, süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və sağlam həyat tərzi ilə bağlı mövzular ətrafında maraqlı müzakirələr aparıblar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə noyabr ayınadək davam edəcək olan layihə cari il üzrə Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Xızı, Lənkəran, Astara, Lerik, Yardımlı, Salyan və Kürdəmirdə uğurla icra edilib.














