
Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra – “Fond”) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli 451 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən 22 may 2026-cı il tarixindən “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi” çərçivəsində layihə təkliflərinin qəbulunu elan edir.
Müsabiqənin məqsədi dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin və gənclər təşkilatlarının potensialının inkişaf etdirilməsi, onların cəmiyyətin sosial, iqtisadi, mədəni və ictimai həyatında fəal iştirakının təşviqi, innovativ və ictimai faydalı təşəbbüslərinin dəstəklənməsi, həmçinin gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, yaradıcı və sosial məsuliyyətli fərdlər kimi formalaşmasına töhfə verməkdir.
Layihələrin müddəti:
Müsabiqəyə təqdim olunmuş layihə kateqoriyaları üzrə müraciətlərin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.
Layihələrin məbləği:
Fond tərəfindən hər bir fərdi layihə çərçivəsində ayrılan qrant məbləği 5 000 (beş min) manatdan, gənclər təşkilatlarının yerli layihələr üzrə müraciət məbləğinin dəyəri 10 000 (on min) manatdan, beynəlxalq layihələr üzrə 15 000 (on beş min) manatdan çox olmamalıdır.
Layihələrin təqdim olunmasına dair əsas tələblər:
- Müsabiqədə iştirak etmək üçün 18-29 yaş aralığında Azərbaycan vətəndaşı olan gənclər və gənclər təşkilatları Fondun rəsmi internet saytından (www.youthfoundation.az) qeydiyyatdan keçməli və saytda əks olunan formaya uyğun olaraq, elektron qaydada müraciət etməlidir;
- Müsabiqə çərçivəsində gənclər təşkilatları tərəfindən yerli və beynəlxalq layihə kateqoriyaları üzrə təqdim olunan yalnız bir layihənin maliyyələşdirilməsi Fond tərəfindən mümkün hesab olunur;
- Müsabiqə çərçivəsində gənclər tərəfindən yalnız yerli layihə kateqoriyası üzrə təqdim olunan bir layihənin maliyyələşdirilməsi Fond tərəfindən mümkün hesab olunur;
- Gənclər təşkilatları üçün layihələr yerli və beynəlxalq kateqoriyalar üzrə maliyyələşdirilir – Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınan gənclər təşkilatlarının Azərbaycan Respublikasının ərazisində həyata keçirdiyi fəaliyyət yerli layihələr; ən azı iki xarici ölkədən olan gənclər təşkilatı və beş ölkəni təmsil edən gənclərin iştirakı ilə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının Azərbaycan Respublikasında həyata keçirdiyi, habelə Azərbaycan Respublikasından olan gənclərin iştirakı ilə xarici ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət beynəlxalq layihələr kateqoriyasına aiddir;
- Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.
Aşağıdakı resipiyentlərin (qrant alanların) müsabiqədə iştirakına yol verilmir:
- Fond tərəfindən maliyyələşdirilmiş və icra müddəti başa çatmamış layihələrin icraçıları;
- Fond tərəfindən maliyyələşdirilmiş layihələrinin icra müddəti başa çatmış, lakin yeni müsabiqə üzrə müraciətlərin qəbulu üçün müəyyən edilmiş son tarixə 15 (on beş) gün qalmış maliyyə hesabatlarını Fonda təqdim etməmiş qrant alanlar;
- Siyasi, xeyriyyə, kommersiya və dini məzmunlu layihə təklifləri;
- Təqdim etdikləri məlumat və sənədlərdə yanlış, natamam və ya həqiqətə uyğun olmayan məlumat müəyyən edilən şəxslərin\təşkilatların layihə təklifləri;
- Fondun bundan öncə reallaşdırdığı müsabiqələrə təqdim edilmiş və ya əvvəl maliyyələşdirilmiş layihələrin tam və ya qismən təkrarı olduğu müəyyən edilən layihə təklifləri;
- Müəllif hüquqlarını, etik normaları və qüvvədə olan qanunvericiliyin tələblərini pozan layihə təklifləri;
Layihələr seçilərkən üstünlük veriləcək meyarlar:
- Müraciətlərə Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 6 iyul 2022-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fonduna gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələr çərçivəsində və müsabiqədən kənar gənclər təşkilatlarından daxil olan layihə təkliflərinin ekspertiza və qiymətləndirmə meyarları”na əsasən baxılır;
- Dövlət qeydiyyatına alınmış gənclər təşkilatları tərəfindən təqdim edilən layihələrin təşkilatın nizamnaməsinə uyğun fəaliyyət istiqamətlərini əhatə etməsi layihələrin qiymətləndirilməsi zamanı üstünlük təşkil edir;
- Layihələrin mövzuya uyğunluğu, innovativ yanaşmaları, geniş gənc auditoriyanı əhatə etməsi və ictimai faydalılıq potensialı qiymətləndirmə zamanı əsas meyarlardan hesab olunur;
- Sosial baxımdan həssas kateqoriyalara aid olan, regionlarda yaşayan, ictimai fəal və könüllü gənclərin iştirakını nəzərdə tutan layihələrə üstünlük verilir;
Müsabiqənin başlama tarixi:
Layihə təklifləri 22 may 2026-cı il tarixindən başlayaraq təqdim edilə bilər.
Layihə təkliflərinin qəbulu üçün son tarix:
Layihə təklifləri üçün son müraciət tarixi 22 iyun 2026-cı il, saat 18:00 müəyyən edilib.
Layihə müraciətləri üzrə mövzular: Layihə müraciətləri üzrə mövzularla buradan tanış ola bilərsiniz.
Qeyd 2: Layihələrin icra müddətinin başlamasının 15 avqust 2026-cı il tarixindən nəzərdə tutulması tövsiyə olunur.
Müraciət üçün: Elektron kabinetə giriş


