
Azərbaycan Respublikasının Gənclər Fondu və “Bakcell”in birgə tərəfdaşlığı ilə həyata keçirilən və gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafına yönələn “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramına gənclər tərəfindən böyük maraq göstərilib. Proqrama 16 yanvar-1 mart tarixlərində ümumilikdə 1851 nəfər gənc müraciət edib və aparılmış ilkin seçim mərhələsinin nəticələrinə əsasən 200 gənc namizəd növbəti imtahan mərhələsinə vəsiqə qazanıb.
İmtahan mərhələsində iştirak edəcək namizədlər məntiqi düşüncə, informasiya texnologiyalarının əsasları, süni intellekt savadlılığı və bu sahədə etik davranış qaydaları üzrə biliklərini yoxlayan test tapşırıqlarını cavablandıracaqlar. İmtahanın keçirilmə tarixləri barədə seçilmiş iştirakçılara əvvəlcədən ətraflı məlumat təqdim olunacaq.
İmtahan mərhələsinə vəsiqə qazanan gənclərin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
Qeyd edək ki, imtahan mərhələsində yüksək nəticə göstərən iştirakçılar növbəti mərhələ olan müsahibəyə dəvət ediləcəklər. Müsahibə mərhələsində namizədlərin analitik düşünmə qabiliyyəti, problem həll etmə bacarıqları, motivasiyası və proqramın məqsədlərinə uyğunluğu qiymətləndiriləcək. Yekunda proqram çərçivəsində təqaüd haqqı qazanmış gənclər süni intellekt əsaslı texnologiyalar, data analitika və rəqəmsal qərarvermə, proqramlaşdırma və proqram təminatı, rəqəmsal məhsul və platforma bacarıqları, texnologiya əsaslı innovasiya və startap bacarıqları üzrə praktiki bilik və bacarıqlara yiyələnmək imkanı əldə edəcəklər.


